“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırıldı FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu qurumla "Azərbaycan müəllimi" qəzeti redaksiyasının birgə təşkil etdiyi "Ən yaxşı yazı" müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Bilik Fondundan SİA-ya verilən məlumata görə, tədbirdə hər iki qurumun rəhbərləri, müsabiqə qalibləri, təşkilat komitəsinin və münsiflər heyətinin üzvləri, KİV nümayəndələri iştirak ediblər. Mərasimdə öncə cəbhə bölgəsində erməni silahlı birləşmələrinin törətdiyi təxribata cavab olaraq ordumuzun həyata keçirdiyi əməliyyatlar nəticəsində şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bayram Hüseynzadə müsabiqənin gedişi və yekunları haqqında məlumat veriliblər. Qeyd olunub ki, Bilik Fondu ilə "Azərbaycan müəllimi" qəzeti redaksiyası arasında bağlanmış birgə əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq keçirilən müsabiqəyə 2016-cı il yanvarın 1-dən start verilib. Yazıların qəbulu üçün elan olunmuş 35 gün müddətində (yanvarın 1-dən fevralın 5-dək) təşkilat komitəsinə 121 yazı daxil olub. Yazılardan 21-i müsabiqənin şərtlərini məzmun və həcm baxımından ödəmədiyi üçün qiymətləndirilməyə buraxılmayıb. Şərtləri ödəyən 100 yazı isə 2 mərhələdə qiymətləndirilib. Birinci mərhələdə onları fənn müəllimlərindən ibarət qrup bal hesabı ilə dəyərləndirib. Nəticədə 28 yazı ikinci mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə yazılar münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndirilib. Müsabiqənin yekunlarına görə 3 yazı I, 3 yazı II, 5 yazı III, 17 yazı isə həvəsləndirici yerə layiq görülüb və qaliblərin adları açıqlanıb.

Müsabiqədə ölkənin 31 şəhər və rayonundan təhsil işçiləri iştirak ediblər. İştirakçılar arasında ümumtəhsil məktəblərində tədris olunan bütün fənlərin təmsilçiləri var. Mükafatlandırma mərasimdə qaliblərə diplom və qiymətli hədiyyələri Fondun aparat rəhbəri İsaxan Vəliyev, münsiflər heyətinin üzvləri – Əjdər Ağayev, Nəcəf Nəcəfov, Faiq Şahbazlı, Yusif Əliyev, Xatirə Hüseynova, qonaqlar – Azərbaycan Dövlət Pedaqoji Kollecinin yeni təyin olunmuş direktoru Qulu Novruzov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov təqdim ediblər.

Çıxış edənlər qalibləri təbrik edib, müsabiqənin əhəmiyyətini vurğulayıblar. Tədbirdə söz alan qaliblər belə bir müsabiqənin keçirilməsini təqdirəlayiq hal hesab edib və təşkilat komitəsinə minnətdarlıqlarını bildiriblər. Xüsusilə rayonlardan olan müəllimlərin belə müsabiqələrə qatılmasını və yüksək qiymətləndirilməsini iştirakçılar zəruri stimullaşdırıcı amil kimi dəyərləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə