Nizami rayonunda inşa və rəsm müsabiqəsinə start verilib

Müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, "İki sahil" qəzetinin dəstəyilə "Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir" mövzusunda rəsm və inşa müsabiqəsinə start verilib.

Bununla əlaqədar keçirilmiş iclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist, müsabiqə komissiyasının sədri Vüqar Rəhimzadə qeyd ediblər ki, ulu öndər Heydər Əliyev XX əsrin ən parlaq simalarından və dahi şəxsiyyətlərindəndir. Ümummilli Lider şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlib. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz obrazı yaşayır.

Bu mənada, inşa və rəsm müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlərin fırçası və qələmilə böyük azərbaycanlı, millətin fəxri, milli və mənəvi liderimiz Heydər Əliyevin əmanət qoyduğu müstəqil Azərbaycanın Onun ölməz ideyalarının işığında Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi sayəsində gələcəyə inamla addımladığını obrazlı şəkildə diqqətə çatdırmaqdır.

Məlumat üçün bildirək ki, inşa müsabiqəsi Nizami rayonunun 30-ya yaxın təhsil müəssisələri arasında keçiriləcək. İnşalar iki dildə qəbul ediləcək. Rəsm əsərləri və inşa yazıları yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılacaq. Müsabiqənin qaliblərinə medallar, diplomlar və xatirə hədiyyələri təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...