Kimdən aliment tələb etmək olar? ŞƏRH

Kimdən aliment tələb etmək olar? ŞƏRH

Bu gün ölkədə baş verən boşanma halları zamanı əsasən ər-arvad arasında aliment tələbinə rast gəlirik ki, bundan ən çox uşaqlar əziyyət çəkir. Bəzi hallarda ata aliment ödəmək istəmədiyi üçün min bir bəhanə gətirir, bəzən isə alimenti ödəmək üçün həqiqətən də maddi imkanı çatmır. Bu isə sözün həqiqi mənasında ailədə böyüyən uşağın maddi təminatında problemlər yaradır. Məlumdur ki, uşağın saxlanılması üçün valideyndən alimentin tələb edilməsi hüququ qanunvericilikdə mövcuddur. Bəs görsəsən bir ata alimenti ödəmədiyi təqdirdə bu öhdəliyi ailədən biri öz üzərinə götürmək iqtidarındadırmı? Digər şəxslərdən aliment tələb etmək olarmı və bunu kim tələb edə bilər?

Sözügedən məsələ ilə əlaqədar hüquqşunasa müraciət etdik. Vəkil Asif Abdullayev SİA-ya açıqlamasında bildirdi ki, mövcud qanunvericilik, alimentlə bağlı digər şəxslərə qarşı da tələb irəli sürməyə əsas verir: "Yetkinlik yaşına çatmayan nəvənin saxlanılması üçün, babadan və ya nənədən də aliment tələb etmək olar, və yaxud imkansız bacı, imkanlı bacıdan aliment tələb edə bilər. Baba və nənənin də nəvəyə maddi köməklik etmək vəzifəsi var. Yetkinlik yaşına çatmayan nəvə öz valideynlərindən maddi yardım ala bilmədikdə, kifayət qədər imkanı olan baba və nənədən məhkəmə qaydasında aliment tələb edilə bilər. Həmçinin yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan və valideynlərindən maddi yardım ala bilməyən nəvə də, kifayət qədər imkanı olan baba və nənədən aliment tələb edə bilər. Ailə qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olan, valideynlərindən yardım ala bilməyən bacı və qardaş, yetkinlik yaşına çatmış və maddi durumu buna yol verən digər bacı və qardaşından aliment tələb etmək hüququna malikdir. Yetkinlik yaşına çatan, lakin valideynlərindən, ərindən (arvadından) maddi yardım ala bilməyən şəxslər də bu cür aliment tələbini irəli sürə bilərlər. Ögey ata və ana da aliment tələb edə bilər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər. Əgər onlar ögey övladlarını 5 ildən az tərbiyə etmiş və ya saxlamışlarsa, habelə ögey oğul və qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə yetirməmişlərsə, məhkəmə ögey oğul və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər. Hətta uşağı tərbiyə etmiş şəxs, həmin uşağ böyüyüb yetkinlik yaşına çatdıqdan sonra, ondan aliment tələb edə bilər. Faktik tərbiyəçilər öz yetirmələrini 5 ildən az müddətdə tərbiyə etdiyi və saxladığı, yaxud lazımınca tərbiyə etmədiyi və ya saxlamadığı hallarda, məhkəmə onları saxlamaq vəzifəsindən yetirmələri azad edə bilər".

Buradan belə qənaətə gəlmək olar ki, qeyd edilən şəxslər alimentin ödənilməsi qaydası və şərtləri barədə müvafiq saziş imzalasalar daha məqsədəuyğun olar. Əks təqdirdə tərəflər arasında belə saziş olmadıqda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq, sabit pul məbləğində aylıq aliment müəyyən edir. Bu da bir çox hallarda qarşı tərəfin narazılığı ilə müşahidə olunur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən yardıma möhtac olanlara kömək etmək qaydaları açıq şəkildə göstərilib. Yaxşı olardı ki, insanlar boşandıqdan sonra qanunvericiliyin tələbini yerinə yetirsinlər. Axı ilk növbədə bu, onların valideyinlik borcudur.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə