Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova YUNİSEF-in Bakı ofisi ilə əməkdaşlıqda Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşları, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvlərinin və Müvəkkilin regional mərkəzləri rəhbərlərinin iştirakı ilə "Uşaq hüquqları sahəsində monitorinq bacarıqlarının artırılması" mövzusunda beş günlük treninq təşkil edib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, treninqə YUNİSEF-in beynəlxalq ekspertləri Reidar Hiermann və Anna Nordenmark Severinsson təlimçi qismində qatılmış və öz təcrübələrini bölüşüblər.
"Uşaqlarla aparılan işə insan hüquqlarına əsaslanan yanaşma nədir?", "Beynəlxalq uşaq hüquqları standartları", "Həbsdə və müvafiq müəssisələrdə olan uşaqlar", "Uşaqların dindirilməsi və onlardan məlumatların toplanması üçün müxtəlif iştirakçı üsullara baxış", "Nəticəyə əsaslanan idarəetməyə nəzəri baxış" və digər mövzular üzrə fikir mübadiləsi aparılmış, qruplarda tapşırıqlar və praktiki işlər, yekun müzakirələr keçirilib.
MPQ-nin üzvləri Ombudsman Elmira Süleymanovanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən YUNİSEF-lə səmərəli əməkdaşlıq etdiyini, insan hüquqları sahəsində işgüzar əlaqələrə daim önəm verdiyini vurğulayıblar. Onlar Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində fəaliyyəti, bu istiqamətdə görülmüş işlər, MPQ-nin saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən müvəqqəti saxlama yerlərinə, penitensiar müəssisələrə, istintaq təcridxanalarına, Tərbiyə müəssisəsinə, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına keçirilmiş başçəkmələr və görülmüş işlər haqqında geniş məlumat veriblər.
Keçirilmiş başçəkmələr zamanı saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan çoxsaylı şəxslərlə, o cümlədən uşaqlarla görüşlər keçirildiyi, onların problemlərinin araşdırıldığı, saxlanılma şəraiti, tibbi xidmət və onlara qarşı rəftarla bağlı vəziyyətin öyrənildiyi, hüquqi məsləhətlərin verildiyi, onlar və müəssisə əməkdaşları üçün hüquqi maarifləndirmə tədbirlərinin təşkil olunduğu diqqətə çatdırılıb.
MPM-in fəaliyyəti ilə bağlı hesabatların və hüquqi nəşrlərin də hazırlanaraq çap olunduğu, habelə 200-dən artıq təklif verildiyi, bunların isə çoxunun öz həllini tapdığı bildirilib.
Milli Preventiv Mexanizm qismində müxtəlif dövlət qurumları, QHT və KİV-lə, beynəlxalq təşkilatlar, o cümlədən SPT, CPT, APT, habelə dövlətlərin MPM-ləri ilə əməkdaşlıq etdiyi qeyd olunub.
Təlim çərçivəsində iştirakçılar Təhsil Nazirliyinin Türkan qəsəbəsində yerləşən Nitq qüsurlu uşaqlar üçün 6 saylı Xüsusi İnternat Məktəbinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsinə başçəkmələr həyata keçirib, orada saxlanılan uşaqlarla görüşüb, onlara hüquqlarını izah ediblər. Başçəkmələrin yekunları ilə bağlı təlimdə müzakirələr aparılıb.
Treninq səmərəli fikir və təcrübə mübadiləsi şəraitində başa çatıb, Azərbaycan MPM-in fəaliyyəti beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş, gələcəkdə də əməkdaşlığın davam etdirilməsi müsbət dəyərləndirilib.
Yekunda təlim iştirakçıları sertifikatlarla təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə