Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi formalaşması, bu dövlətin qarantı olan Azərbaycan Ordusunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün "Ulu öndər Heydər Əliyev və Azərbaycan Ordusu" mövzusunda keçirilən açıq dərsdə səsləndirilib.
Muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, Ulu Öndərin 1990-1993-cü illərdə – Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə xalqımız qarşısında ən böyük xidmətlərindən biri muxtar respublikanın təhlükəsizliyini təmin etməklə yanaşı, burada Azərbaycanın ilk milli nizami ordu hissələrini yaratmasıdır. Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul edilib, Naxçıvanda Dövlət Müdafiə Komitəsi yaradılıb. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib. 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında" Qərar qəbul olunub.
Vurğulanıb ki, ən yeni tariximizin səhifələrinə qızıl hərflərlə yazılmış ordu quruculuğu prosesi Ümummilli Liderimizin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra daha geniş miqyasda davam etdirilib. Ulu Öndərimiz 1993-cü ildə hakimiyyətə gəldiyi ilk gündən ordu quruculuğu prosesini diqqət mərkəzində saxlayıb. Həmin ildən başlayaraq dövlətçiliyə sədaqətli, mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların Silahlı Qüvvələrin formalaşmasında iştirakı təmin olunub, döyüş ruhunun yüksəldilməsi və hərbi-vətənpərvərlik hisslərinin aşılanması işi gücləndirilib, maddi-texniki təminat xeyli yaxşılaşdırılıb. Ümummilli Liderin adını daşıyan indiki Azərbaycan Ali Hərbi Məktəbi yaradılıb və məktəbdə hərb elminin bilicilərinin yetişdirilməsi işinə xüsusi diqqət yetirilib.
"Ordumuzun gündən-günə daha da güclənməsi istiqamətində bu gün də lazımi addımlar atılır. Məhz buna görə də ordumuz öz döyüş qabiliyyətinə, maddi-texniki təminatına və digər göstəricilərinə görə artıq dünyanın qüdrətli orduları ilə eyni səviyyəyə yüksəlib", – deyən Ramil Orucəliyev qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında dəfələrlə ordumuzun daha da güclənməsi istiqamətində aparılan işlərin bu gün də prioritet məsələ olduğunu bəyan edib.
Sonra liseyin kursantları Heydər Əliyev Muzeyindəki eksponatlarla tanış olub, "Heydər Əliyev və Azərbaycan Ordusu" filminə baxıblar.azərtac
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB