Azərbaycan və Pakistan XİN başçıları bir arada

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 3-də Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri senator xanım Nuzhat Sadiqi ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclasında iştirak etmək üçün Bakıya gəldiyini deyən Nuzhat Sadiqi tədbirin yüksək səviyyədə təşkil edildiyini və faydalı müzakirələr aparıldığını diqqətə çatdırıb. O, Azərbaycanın dinamik inkişafına və əldə etdiyi nailiyyətlərə Pakistan xalqının səmimi qəlbdən sevindiyini qeyd edib.

Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistandakı humanitar məsələlərə diqqət və qayğısının, o cümlədən bu ölkədə baş vermiş zəlzələ və sel daşqını kimi təbii fəlakətlər zamanı qardaş Azərbaycan xalqının göstərdiyi yardımın yüksək qiymətləndirildiyini deyib.

Elmar Məmmədyarov Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək birgə səylərlə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında sıx əməkdaşlığın mövcud olduğunu deyən nazir beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq, Pakistanın Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı ilə bağlı birmənalı mövqeyinin və münaqişənin həlli prosesində ölkəmizin haqq işinə göstərdiyi dəstəyinin yüksək dəyərləndirildiyini vurğulayıb.

Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və parlamentlərarası münasibətlərin iki ölkə arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət etdiyi diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə