Lənkəranda minaların təmizlənməsi davam etdirilir

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməliyyat qrupu Lənkəran şəhərində keçmiş Sovet Ordusuna məxsus hərbi hissələrin ərazisində minatəmizləmə əməliyyatlarını davam etdirir. SİA-nın Cənub bürosunun məlumatına görə, hazırda şəhərin mərkəzində yerləşən keçmiş hərbi hissənin ərazisində işlər yekunlaşmaq üzrədir. Bu günədək hərbi hissədə 6 ədəd partlamamış müxtəlif növ minaatan və top mərmisi, 500 ədəd müxtəlif çaplı patron tapılaraq zərərsizləşdirilib.

ANAMA-nın cənub bölgəsi üzrə əməliyyat meneceri Böyükağa Haqverdiyev bildirib ki, hazırda təmizlənmə işlərinin aparıldığı hərbi hissə sayca 4-cü ərazidir. Ümumilikdə isə ANAMA əməkdaşları tərəfindən cənub bölgəsinin ayrı-ayrı ərazilərində 150-dən çox mina və təxminən 6500-dək müxtəlif çaplı silah-sursat aşkarlanaraq partladılma yolu ilə zərərsizləşdirilib.

Bundan başqa dənizkənarı ərazilrdə hələ də ləpələrin sahilə çıxardığı minalara rast gəlmək mümkündür. Bununla əlaqədar olaraq həmin sahilyanı ərazilər çəpərlənib.

Qeyd edək ki, ANAMA tərəfindən ölkənin cənub zonasında ayrı-ayrı ərazilərin minalardan əsaslı təmizlənməsi tədbirlərinin 2016-cı ildə də həyata keçirilməsi nəzərdə tutulub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə