Arzu Rəhimov: “Milli Fəaliyyət Planı”nın icrası təmin edilib” AÇIQLAMA

Arzu Rəhimov: “Milli Fəaliyyət Planı”nın icrası təmin edilib” AÇIQLAMA

"Səfərbərlik və çağırış resurslarının uğurla tənzimlənməsi ordu quruculuğuna xidmət edir". SİA-nın məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov qurumun 3-cü ili ilə əlaqədar təşkil olunan tədbir zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, ötən 3 il müddətində hərbi xidmətə çağırışla bağlı olaraq kifayət qədər işlər görülüb. Bütün bunlar Ali Baş Komandanın məqsədyönlü siyasəti sayəsində uğurla aparılıb: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü siyasəti əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də həyatın bütün sahələrində uğurlarla, inkişafla müşayiət olunub. Ali Baş Komandanın müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə 3 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı tədbirlər görülüb, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilib. Ötən qısa müddət ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2014-cü il ərzində xidməti fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu, "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"ni, Xidmətin fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktları rəhbər tutmaqla qurub. Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülüb".

Arzu Rəhimov həmçinin qeyd edib ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti yerlərdə şöbə və bölmələrlə birlikdə daha da gücləndirilib. Gənclərin hərbi vətənpərvərliyi sahəsində maarifləndirmə işləri aparılıb. Müxtəlif təlimlərində hərbi birləşmə və hissələrin hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi istiqamətində işlər görülüb: "2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Hərbi Prokurorluğu ilə birgə yerli idarə, şöbə və bölmələrdə icrası nəzərdə tutulmuş tədbirlər planı hazırlanıb, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar Xidmət tərəfindən 2014-cü il ərzində görüləcək tədbirlərin planı hazırlanaraq təsdiq olunub və nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilib. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi üçün 2014-cü ilin yanvar, aprel, iyul və oktyabr çağırışına hazırlıqla əlaqədar yerli idarə, şöbə və bölmələrdən toplanmış məlumatlar və say bölgüsü haqqında çağırış proqnozu hazırlanaraq çağırış qabağı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Xidmət tərəfindən əvvəlki illərdə olduğu kimi ötən il də "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrə uyğun olaraq səfərbərlik hazırlığının təmin edilməsi üçün bütün respublika üzrə yerli icra strukturlarının iştirakı ilə səfərbərlik hazırlığı üzrə məşğələlər təşkil olunub. Məşğələlərdə Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifəlilərin xəbərdar edilməsi və praktiki toplanması təşkil edilib, hərbi vəzifəlilər qeydiyyatdan keçirilib. Eləcə də "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri onlara izah edilib. "Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə"yə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulan vəzifələrdən ən vacibi olanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin səfərbərlik zamanı və müharibə dövründə nəqliyyat vasitələri ilə vaxtında, keyfiyyətli və tam həcmdə təmin olunmasıdır. Hərbi-nəqliyyat vasitələrinin uçotu (təşkilatların və vətəndaşların mülkiyyətində olan) vətəndaşlara məxsus olan bütün növ minik avtomobilləri və motosikletlər istisna olmaqla Xidmətin yerli idarə, şöbə və bölmələrində nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlardan daxil olan məlumatlar əsasında aparılır. Yeni qeydiyyata alınmış hərbi-nəqliyyat vasitələri barədə məlumatlar daxil olduqda SHXÇDX-nın yerli idarə, şöbə və bölmələrində onlara uçot kartoçkası açılır və sahibləri hərbi-nəqliyyat vəzifələri barədə təxirəsalınmadan məlumatlandırılır. Səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə il ərzində Xidmətin yerli idarə, şöbə və bölmələrində Silahlı Qüvvələrə təyin edilmiş hərbi-nəqliyyat vasitələri toplanaraq onlara sıra baxışı təşkil olunub, texniki vəziyyətlərinin yoxlanılması daim nəzarətdə saxlanılıb. Bütün görülən işlərin nəticəsi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlimlərində hərbi birləşmə və hissələrin ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşısına qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib".

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə