Məhərrəmlik ayında nələri etmək olmaz? AÇIQLAMA

"Məhərrəm ayı hicri-qəməri ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aydır". Bunu SİA-ya Cümə məscidinin axundu Hacı Surxay Məmmədli söyləyib.

Onun sözlərinə görə, Məhərrəmlik ayı İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub: "Hər zaman haqla-batilin mübarizəsi olub və sonda haqqın qələbə çalması ilə yekunlaşıb . Belə hesab edirəm ki, Məhərrəmlik fəlsəfəsi həqiqətlərin ortaya çıxmasından, mübarizliyin, ədalətin gerçəkləşdirməsinə gətirib çıxarır. Digər tərəfdən də cəmiyyətdə Məhərrəmlik fəlsəfəsi olmalıdır. Ən azından ki, torpaqlarımızın 20% -dən çoxu işğal altındadır. Bu ərazilərin bərpası, gənclərimizə İmam Hüseynin şəhadət məktəbi fəlsəfəsi aşılanmalıdır. Bu ayda insanlar bir-birilərinə rəğbət bəsləməli, yardım, qayğı göstərməlidirlər. Həmçinin cəmiyyətdəki batil həqiqətləri aradan qaldırmalıdırlar. Hər kəsə məlumdur ki, İmam Hüseyn (ə) ədalətin üzərində şəhid olub. Məhərrəmlik əzmkarlıq, qəhrəmanlıq, hünər və fədakarlıq deməkdir. İnsanlar daxili aləminin çirkablığını təmizləməlidirlər".

Hacı Surxay həmçinin insanları Aşura günü insanların zəncir vurması məsələsinə də aydınlıq gətirib: "Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həmin gün müsəlmanların özlərinə xəsarət yetirməsinin, hay-küy salmasının məqsədəuyğun olmadığını bildirib. Ola bilsin ki, insanlar zənciri matəmin rəmzi kimi sinəyə taxırlar. Amma bunu Dünya izlədikdə İslamı terror kimi təqdim etməyə çalışır. Ümumiyyətlə İslam dinində bu hərəkət bəyənilmir. Sinəyə zəncir vurmaq olar, ancaq qan tökülməməlidir. Bunu edənlər bədənlərini açıb naməhrəmə göstərirlər. Bu addımı İslam dini heç vaxt qəbul etmir. Artıq neçə illərdir Məhərrəm ayında könüllü qanvermə aksiyaları təşkil olunur. Toplanan qanlar isə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunur".

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılər Şurası qarşıdan gələn Məhərrəm ayı ilə bağlı fətva verib. Fətvada bildirilir ki, hicri-qəməri təqvimi ilə 1435-ci il başa çatır, Qazılar Şurası nəzərə çatdırır ki, yeni hicri 1436-cı ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2014-cü il oktyabr ayının 26-na, Məhərrəm ayının 10-u - Aşura günü noyabr ayının 4-nə təsadüf edir.

Bütün xəbərlər Facebook səhifəmizdə