Qarabağda Gənclər Festivalı keçirildi FOTO

Gənclər üçün Təhsil Mərkəzinin silsilə təşkil etdiyi region gənclərinin yaradıcılıq festivalının bu dəfəki ünvanı Ağcabədi rayonu olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan festival, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin qarşısında keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunan festivalda Qarabağ bölgəsindən olan yüzlərlə yeniyetmə və gənclər iştirak ediblər.

Festivalı giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə doğma Qarabağımızda keçirilən bu tədbirin mahiyyəti barədə məlumat verib, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılması, habelə onlarda yaradıcı işə maraq oyadılması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, respublikamızda son illər muğam sənətinə dövlət dəstəyinin, diqqət və qayğısının artırılması, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən bu sənətə yüksək qiymət verilməsi, hamilik göstərilməsi ölkənin hər yerində olduğu kimi, bu regionda da muğam ifaçılığının geniş inkişaf etməsi, yeni nəsil ifaçılarının üzə çıxarılması və yetişdirilməsi üçün möhkəm zəmin yaradıb.

Digər çıxış edən rəsmilər də tədbirin gənclər üçün əhəmiyyətindən danışıb, Qarabağdan olan gənclərin müxtəlif festival və müsabiqələrdə fəal iştirak etdiklərini vurğulayıblar. Qeyd olunub ki, bu gün Qarabağlı gənclərimiz ölkəmizi həm daxildə, həm də xaricdə layiqincə təmsil edir, onun mədəniyyətini dünyaya tanıdırlar.

Daha sonra söz yaradıcı gənclərə verilib, onlar teatr, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, rəqs, musiqi və digər sahələrdə öz bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, festivalda 100-ə yaxın gəncin yaradıcılıq qabiliyyəti nümayiş olunub. Sonda bütün iştirakçılar diplomlarla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə