Litvanın nüfuzlu nəşri Dağlıq Qarabağa səfərdən yazıb

Litvanın nüfuzlu "Lietuvos zinios" qəzetində və bu nəşrin saytında jurnalist Aydanas Praleykanın "Bilməmək səbəbindən təhrikçilik?" sərlövhəli məqaləsi dərc edilib (http://lzinios.lt/lzinios/Komentarai/ar-is-neismanymo-tas-kenkimas-/186872). Yazıda Litva Seyminin deputatı Dalya Kuoditenin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfərindən bəhs edilir.

Jurnalist Litva parlamentinin üzvü D.Kuoditenin Ermənistana və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna səfərini qalmaqallı və Litva dövləti üçün zərərli fakt kimi qiymətləndirir. Onun fikrincə, bu səfərə heç bir vəchlə haqq qazandırmaq olmaz, çünki deputat statusu müəyyən səlahiyyətlər və öhdəliklər nəzərdə tutmaqla bərabər, həm də bu statusdan çox xoşagəlməz şəkildə istifadə edilə bilər. D.Kuoditenin "şəxsi" səfərini rəsmi səfər kimi təqdim edən Erməni KİV-ləri məhz buna yol veriblər.

A.Praleyka qeyd edir ki, heç də birinci dəfə olmayan bu xoşagəlməz insident belə bir sual doğurur: "Nə üçün litvalı məmurlar bu cür hərəkət edirlər?" Bilməmək səbəbindən? Ola bilsin, bunun başqa səbəbləri də var, lakin bu sualın istənilən cavabı məyusluq doğurur. Jurnalist təəssüf hissi ilə "möhtərəm" səfirlərin məşhur telefon söhbətini xatırlayır. Onlar deyirdilər ki, erməniləri dəstəkləmək lazımdır, "çünki onlar xristiandırlar". A.Praleyka Azərbaycanın Litvaya dost münasibətinə qarşı birbaşa hücum kimi qiymətləndirdiyi daha bir misal göstərir. Söhbət bu il guya milli ayrı-seçkiliyin qızışdırılması səbəbindən yaranmış "problemdən" gedir. Xocalı şəhərində soyqırımının növbəti ildönümü ilə əlaqədar Litva paytaxtında Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymağa çağıran plakatlar yapışdırılmışdı. A.Praleyka təcavüz faktının demək olar ki, bütün beynəlxalq birliklər və nüfuzlu beynəlxalq təşkilatlar etiraf edilməsini vurğulayır. Litva da istisna deyil. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə rəsmən bəyan edib. Lakin həmin plakatlar kimlərinsə xoşuna gəlməyib və prokurorlar təhqiqat aparmağı qərara alıblar: bu hərəkəti milli ayrı-seçkiliyin qızışdırılması adlandırmaq olarmı? İstintaq göstərib ki, belə deyil. Lakin jurnalistin sözlərinə görə, acı kədər hissi qalıb.

A.Praleyka Litva parlamentində D.Kuoditenin təşəbbüsü ilə Dağlıq Qarabağla dostluq qrupu yaradılması ilə əlaqədar daha təcavüzkar bir demarş faktını qeyd edir. Hərçənd, Seym üzvlərinin çoxu bu əhvalatla yaxşı tanışdır və onlar həmin qrupa qoşulmayıblar.

Litvalı jurnalist D.Kuoditenin səfəri haqda erməni KİV-lərində nəşr edilmiş son məlumatları qiymətləndirərək vurğulayır ki, D.Kuoditenin oraya "qeyri-rəsmi şəxs" kimi gəlməsini bildirən heç bir məlumat tapa bilməyib.

Aydanas Praleyka sonda yazır: "Bir daha sual etmək istəyirik: dövlətə qulluq edən adamlar nə üçün həmin dövlətin imicinə, başqa ölkələrin Litva ilə münasibətlərinə belə asanlıqla ziyan vurur, dövlətin rəsmi mövqeyini açıq-aydın inkar edirlər. Doğrudanmı bu, sadəcə məlumatsızlıqdır? Belələrinə demək istəyirik: Əgər bir şeyi bilmirsənsə, öz məlumatsızlığını bütün dünyaya yayma". AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə