DİN-in təşəbbüsü ilə tolerantlıq mövzusunda konfrans keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans sentyabrn 5-də Tovuz rayonunda keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov Azərbaycanda bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəslənildiyini bildirib, dini ayrı-seçkilik və ədavət salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən görülən işləri və bu sahənin daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tovuz RPŞ-nin rəisi, polis polkovniki Vaqif İsmayılov çıxışında rayonda radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyillərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbəsinin nümayəndəsi Bəhruzər Rüstəmov, Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə dini icmasının sədri Nəriman İbayev, Ağsaqqallar Şurasının sədri Fərman Nağıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov və digər şəxslər çıxış edərək, dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıb, ölkəmizdə dini sahədə maarifləndirmə işləri ilə bağlı belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə