Politoloq Sergey Markov: "Rusiya cəmiyyəti yeni Azərbaycanı daha yaxından tanımalıdır"
Bu gün Bakıda, "RİA Novosti" Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan-Rusiya-2014" videokonfransı keçirilib. "Rossiya seqodnya" Multimedia İnformasiya Agentliyinin dəstəyi ilə baş tutan konfransın təşkilatçısı "Yevraziyski vıbor" diskussiya klubudur.
Konfransda bildirilib ki, Azərbaycan ilə Rusiya arasında dərin tarixi münasibətlər mövcuddur. Konfransın rusiyalı iştirakçıları Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik ediblər.
Konfransda iştirak edən Rusiya politoloqu, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirmişdir ki, Rusiya cəmiyyəti yeni Azərbaycanı daha yaxından tanımalıdır. O deyib: "Müasir Azərbaycan haqqında yetərincə yeni informasiya yoxdur. Azərbaycan iqtisadi inkişafın sürətinə görə Çin kimi inkişaf edir və bəzən onu üstələyir. O, təbii resurslarından bacarıqla istifadə edir. Nəticədə nəhəng resurslar daxili inkişafa yönəldilir. Misli görünməmiş inkişaf göstəriciləri müşahidə olunur. Hollandiya sindromunun qarşısını almaq mümkün olmuşdur".
S.Markov bildirib ki, yaxın vaxtlarda Qəbələdə Rusiya-Azərbaycan regional forumu keçiriləcəkdir.
Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyəti Azərbaycan qurub. Müasir Azərbaycandan danışan deputat vurğulayıb ki, inkişafın Azərbaycan modeli ilk növbədə "qara qızılın" insan kapitalına çevrilməsidir. O deyib: "Bu gün Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə böyük diqqət yetirir. Bunun üçün kadrlar lazımdır. Ona görə də yüksək ixtisaslı mütəxəssislər hazırlanır".
A.Mollazadə Azərbaycanda telekommunikasiya sahəsinin, regionların inkişafından, yeni infrastrukturun yaradılmasından, əlverişli multimədəni mühitdən, ölkəmizdə rusdilli məktəblərin və KİV-lərin fəaliyyət göstərməsindən söz açıb.
Diskussiyada Rusiya cəmiyyətinin Azərbaycanın turizm potensialı barədə məlumatlandırılmasına xüsusi diqqət yetirilib. Bildirilib ki, Azərbaycanda reguional turizm kompleksləri, turistlərin istirahəti üçün hər cür şərait vardır.
Qeyd olunub ki, Azərbaycan rus dilinə qayğı ilə yanaşır, ali və orta məktəblərdə rus dili tədris olunur. Bundan əlavə, iştirakçılar iki ölkənin parlamentlərarası münasibətlərindən, ticarət əlaqələrinin indiki vəziyyətindən və bu istiqamətin inkişaf perspektivlərindən danışıblar.
Videokonfransda Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının üzvü Sergey Məmmədov, AMEA-nın Fəlsəfə İnstitutunun elmi əməkdaşı Ramiz Sevdimalıyev, politoloq İlqar Vəlizadə və başqaları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB