Qazax rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair həsr olunan hesabat yığıncağı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyev adına parka gələrək Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Gənclər Mərkəzinin akt zalında yığıncaq öz işinə başlayıb. Hesabat yığıncağında rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri, sahibkarlar iştirak edib.
Tədbir iştirakçıları 2013-cü ildə Qazax rayonunda görülən işlərə dair filmə baxaraq, rayonda tikinti-quruculuq işləri aparılan ərazilərin əvvəlki və indiki vəziyyətləri, istifadəyə verilən obyektlərlə tanış olublar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Qazax rayonunun 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, hesabat dövründə respublikamızda gedən dinamik inkişaf strategiyası Qazax rayonunda da davam etdirilib və 2013-cü ildə, demək olar ki, bütün sahələr üzrə uğurlu göstəricilər qazanılıb: "Hesabat dövründə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində yaddaqalan tədbirlər həyata keçirilib, əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində mühüm işlər görülüb. Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa və quruculuq işləri 2013-cü ildə uğurla həyata keçirilib".
Hesabat dövründə Ədəbiyyat Muzeyi, Uşaq Əyləncə Mərkəzi, YAP Qazax rayon təşkilatı üçün yeni inzibati bina, 5 yeni məktəb binası, tibb məntəqələri tikilərək istifadəyə verilib. Şəhərin mərkəzində 3 hektar sahəsi olan Fəxri Qazaxlılar parkında tamamilə yenidənqurma və abadlıq işləri aparılıb, 26 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisinə başlanılıb və hazır olan 15 km hissəsi istifadəyə verildiyi diqqətə çatdırılıb.
5 iyul 2013-cü il tarixdə ölkə başçısı cənab İlham Əliyev Qazax rayonuna səfəri zamanı Qazax Sement zavodunun, Ədəbiyyat Muzeyinin, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni inzibati binasının, Qazax-Quşçu Ayrım avtomobil yolunun hazır olan 15 km hissəsinin, Uşaq Əyləncə Mərkəzinin açılışlarında iştirak edib və yenidən qurulan Fəxri Qazaxlılar parkı ilə tanış olub. Ölkə başçısı Qazax rayonuna səfəri zamanı rayonda aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar öz razılığını bildiririb.
Yığıncaqda rayon paylayıcı elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyev, təhsil şöbəsinin müdiri Əhməd Dərgahquluyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov çıxış edərək hesabat dövründə görülən işlərdən danışıb.
Milli Məclisin üzvləri Əhməd Vəliyev, İlyas İsmayılov, Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov hesabat yığıncağında çıxış edərək ölkədə aparılan geniş quruculuq işlərindən danışıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunub.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov hesabat yığıncağına yekun vuraraq qarşıda duran vəzifələrdən, həyata keçiriləcək işlərdən danışıb.
Kamran Əskiparalı, Qazax
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB