Lənkəranda Məmməd Arazın 80 illik yubileyi qeyd edilib FOTOLAR

Lənkəranda Q.Vəliyev adına Mədəniyyət Mərkəzində "Vətəndaş şair - Vətən şairi Məmməd Araz" adlı ədəbi-bədii gecə keçirilib. SİA-nın Cənub bürosunun mlumatına görə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 80 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2013-cü il tarixli sərəncamına əsasən keçirilən tədbirdə mədəniyyət mərkəzinin dərnək üzvləri və klub müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbir çərçivəsində Məmməd Araza həsr olunmuş MKS-in uşaq kitabxana filialının hazırladığı "Araz həsrətli şair" adlı foto stendə və kitab sərgisinə baxış keçirilib. Mədəniyyət mərkəzinin direktoru, AYB üzvü Hafiz Mirzə çıxış edərək Məmməd Arazın ən çətin dövrlərdə xalqına, vətəninə sədaqət göstərməsi barəsində faktlardan, şairin poeziyasında milli ruhun vətənə məhəbbətin verilməsindən danışıb, şairin ruhuna rəhmət diləyib.

Mədəniyyət mərkəzinin "Vaqif" bədii qiraət dərnəyinin üzvləri Nurlan Quluzadə, Elvin Abdullayev, Jalə Bayramova, Fatimə Mirzəzadə, Saleh Əzimov və Leyla Zülfüqarovanın iştirakı ilə Məmməd Arazın şeirlərindən ibarət kompozisiya təqdim olunub. AYB üzvü, şair Ağamir Cavad Məmməd Araz poeziyası barədə geniş təhlillər aparıb, onun Azərbaycan ədəbiyyatında tutduğu mühüm yeri, yazdığı vətənpərvərlik şeirlərinin milli-azadlıq hərəkatı zamanı oynadığı rolunu xüsusi vurğulayıb.

Tədbir zamanı müğənni Murad Ağayev Məmməd Arazın sözlərinə yazılmış mahnılar ifa edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...