YAP Yardımlı rayon təşkilatı seçicilərlə görüşüb

YAP Yardımlı rayon təşkilatı seçicilərlə görüşüb

Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) ölkənin bütün rayonlarında təbliğat-təşviqat tədbirlərini davam etdirir. SİA-nın məlumatına görə, bu görüşlər çərçivəsində Yardımlı rayonunun Zevin və Astanlı kəndlərində seçicilərlə görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev bildirib ki, YAP Azərbaycanın aparıcı, avanqard siyasi qüvvəsidir: "İstər sosial bazası, istərsə də təşkilati baxımdan YAP digər siyasi partiyalardan öndə gedir. Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək siyasi qüvvə yoxdur. Azərbaycan gənc müstəqil dövlət olsa da, sürətlə inkişaf edir, bölgədə, dünyada yeri və rolunu möhkəmləndirir, beynəlxalq münasibətlər sisteminin aparıcı qüvvəsinə çevrilir. Uğurla gerçəkləşən layihələr yeni-yeni layihələr üçün zəmin yaradır".

Kənd seçiciləri qarşısında çıxış edən YAP Yardımlı rayon təşkilatının sədr müavini Anar Alışov vurğulayıb ki, iqtisadi uğurları şərtləndirən əsas amillərdən biri də siyasi islahatlar, demokratikləşmə prosesinin sürətlə həyata keçirilməsidir: "Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən əsas göstəricilərdən biri məhz ölkədə seçkilərin azad, şəffaf və dünya standartlarına uyğun keçirilməsidir".

Sonda hər iki təbliğatçı seçiciləri 9 oktyabrda aktiv olmağa və uğurlu gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə