Lənkəranda seçicilərlə görüş keçirilib

Lənkəranda seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürdüyü Prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını yüksək səviyyədə davam etdirir. SİA-nın məlumatına görə, növbəti görüş Lənkəran kənd seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəblinin iştirakı ilə rayonun Viyən və Kənarmeşə kəndlərinin seçiciləri ilə keçirilib. MM-nin deputatı Hadı Rəcəbli seçicilərlə səmimi söhbət zamanı YAP-ın prezidentliyə namizədi İlham Əliyevin ölkəmiz və Lənkəran üçün gördüyü işlərdən danışıb, onun alternativsiz lider olduğunu bildirib.

Komitə sədri qeyd edib ki, 10 illik prezidentliyi dövründə İlham Əliyev Azərbaycanı dünyanın öndə gedən, qlobal layihələrə imza atan ölkəsi kimi tanıda bilib: "Bu gün mən Cənab İlham Əliyevin təbliğat-təşviqat qrupunun üzvü kimi sizlərin görüşünə gəlsəm də inanıram ki, cənab prezidentimizin artıq təbliğata ehtiyacı yoxdur. Çünki, 10 illik fəaliyyəti dövründə İlham Əliyevin gördüyü işlər onun ən yaxşı təbliğatıdır".

Ordu quruculuğuna da toxunan Siyasi Şura üzvü bildirib ki, bu gün Azərbaycanın çox güclü bir ordusu var: "Bu gün orduya ayrılan vəsait işğalçı Ermənistanın dövlət büdcəsindən artıqdır. Əgər hər hansı bir kənar dövlətin müdaxiləsi olmasa, Azərbaycan ordusu 3 gün ərzində bütün işğal altında olan torpaqlarımızı geri qaytarmağa qadirdir".

Seçiciləri 9 oktyabrda seçki məntəqələrinə gəlib İlham Əliyevə səs verməyə çağıran Hadi Rəcəbli deyib ki, hər bir vətəndaş cənab İlham Əliyevə səs verməklə xoşbəxt gələcəyə səs vermiş olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə