Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilib

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilib. SİA-nın xəbərinə görə, rəsmi açılışda ARGTMŞ-nın sədri Şahin Seyidzadə tədbirin keçirilməsinin məqsədi haqda məlumat verib: "Əsas məqsəd isə fəaliyyətdə olan bütün gənclər təşkilatlarını birləşdirərək, həyata keçirilən gənclər siyasəti haqqında, gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin səmərəli mexanizmlərinin yaradılması haqqında fikir mübadiləsi aparmaqdır. Konqresin keçirilməsi haqqında təşəbbüs ilk dəfə 2012-ci ilin noyabrında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgini ziyarət edərkən səsləndirilib. Bu niyyət Cənab Prezident tərəfindən müsbət qarşılanıb".

Gənclər və idman naziri Azad Rəhimov ilk dəfə keçirilən bu konqresi müsbət dəyərləndirib: "Konqresin keçirilməsinə zərurət yaranıb. Azərbaycanda son illər gənclər təşkilatlarının sayı 10 dəfə artaraq, 250-yə çatıb. Onlar çoxlu sayda layihələr həyata keçirirlər. Bu konqresdə də əsas məqsəd təşkilatların gələcək fəaliyyətini müzakirə etməkdir".

Daha sonra tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek çıxış edərək Azərbaycanda həyata keçirilən gənclər siyasətini müsbət dəyərləndirib və bu işin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Məlumat üçün bildirək ki, Bakının və ölkənin 11 regionundan 200-dən artıq gənclər təşkilatlarının təmsil olunduğu konqres müxtəlif mövzularda keçirilən panellərlə davam etdiriləcək, sonda isə konqres iştirakçıları adından bəyanat qəbul ediləcək.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə