Türkiyəli gənclər Bakıya gəlir

Türkiyəli gənclər Bakıya gəlir

"İslahatçı Gənclər" İctimai Birliyinin dəvəti ilə 9-16 sentyabr tarixlərində İstanbul Türk Ocağı Gənclik Qolları Başqanı Barış Onur Sarqın və qurumun Türk dünyası üzrə koordinatoru Almıla Maraş Bakıda rəsmi səfərdə olacaq.

Bu barədə SİA-ya məlumat verən birliyin sədri Fərid Şahbazlının sözlərinə görə, İstanbul Türk Ocağı Gənclik Qolları "İslahatçı Gənclər" İB-nin Türkiyədəki əsas tərəfdaşlarındandır: "Səfər çərçivəsində Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı, Şəhidlər Xiyabanı və türk şəhidlərinin məzarları ziyarət olunacaq. Daha sonra bir sıra dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, QHT və media təmsilçiləri ilə görüşlər nəzərdə tutulub. Bundan başqa qonaqlarımızı Bakı ilə tanış edəcəyik, şübhə yoxdur ki, ölkəmizin belə sürətli inkişafı onları da sevindirəcək".

Qeyd edək ki, Türk Ocaqları 1912-ci ildən etibarən Türkiyənin 60-dan artıq şəhərində fəaliyyət göstərir. Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəklikləri Türkiyədə və başqa türkdilli ölkələrdə təbliğ edən nüfuzlu ideoloji təşkilatlardandır. 2013-cü ildə İstanbulda "İslahatçı Gənclər" İctimai Birliyi və İstanbul Türk Ocağı Gənclik Qolları ilə birgə "Xocalı Ədalət" həftəsi keçirilib. Həftədə Türkiyə və Azərbaycandan millət vəkilləri, türkiyəli alimlər, nüfuzlu jurnalistlər iştirak edib və tədbirlər Türkiyə KİV-i tərəfindən geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə