Beynəlxalq təşkilatlarla yerli QHT-lər bir araya gəldi

Beynəlxalq təşkilatlarla yerli QHT-lər bir araya gəldi

QHT Əməkdaşlıq Alyansı "2013-cü ilin prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin baxış bucaqlarının uyğunlaşdırılması" mövzusunda toplantı keçirib. Alyansdan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi toplantıya ATƏT-in, Avropa Şurasının, ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycandakı ofislərinin nümayəndələri, tanınmış QHT rəhbərləri və media mənsubları qatılıblar.

Tədbiri giriş sözü ilə açan QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov 2013-cü il Prezident seçkisi kampaniyası dövründə Alyansın vətəndaş cəmiyyətinin aktual mövzularını daim diqqətdə saxlayacağını söyləyib. Belə mühüm mövzulardan birinin də bu gün müzakirə olunan beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin baxış bucaqlarının uyğunlaşdırılmasına həsr edilməsinin təsadüfi olmadığını qeyd edib.

QHT Əməkdaşlıq Alyansının həmsədri Yadigar Məmmədli toplantıda məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanda keçirilən seçkilər zamanı həm vətəndaş cəmiyyətinin, həm də beynəlxalq təşkilatların yanaşmalarında ciddi fərqlər üzə çıxır: "Beynəlxalq təşkilatlar və xarici müşahidə missiyaları əvvəlcədən müəyyən edilən hüquq müdafiə, media və vətəndaş cəmiyyəti təşkilatlarının hesabat və töfsiyyələrinə əsaslanırlar. Nəticədə qiymətləndirmələr qüsurlu olur. Bəzən yerli səviyyədə fəaliyyət göstərən tərəfsiz QHT-lər də bu istiqamətdə fəallıq göstərmir və fəaliyyətlərini uzlaşdırmırlar. Beynəlxalq təşkilatların bu fəaliyyəti uğurlu sayıla bilməz. Ölkəmizdə proseslərin obyektiv qiymətləndirilməsi məqsədilə yalnız müxalif mövqeli QHT-lərlə deyil, eyni zamanda müxtəlif siyasi görüşləri paylaşan, ən fərqli düşüncədə olan QHT-lərin məlumatlarına da istinad edilməlidir".

Alyansın həmsədri Rafail Becanov çıxışında qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti sektorunun böyük bir qismi beynəlxalq təşkilatlarla əlaqələrdən təcrid edilib: "Səbəb beynəlxalq təşkilatların bəzi yerli QHT-lər tərəfindən inhisara alınması və eyni zamanda beynəlxalq təşkilatların da yalnız onların maraqlarını ifadə edən QHT-lərlə əlaqələr qurmaqda maraqlı olmasıdır. Bu münasibətlər dəyişilməli, beynəlxalq təşkilatlar Azərbaycanın bütün vətəndaş cəmiyyəti sektoruna açıq olmalı, bütün qurumlarla eyni məsafədə dayanmağı bacarmalıdır".

Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb və çıxış edən QHT Əməkdaşlıq Alyansı idarə heyətinin üzvləri Mütəllim Rəhimov, Vasif Sadıqov, Xanoğlan Əhmədov, Nailə İsmayılova, Mahirə Əmiraslanova və başqaları bu sahədə nöqsanların aradan qaldırılması, növbəti addımların müəyyən edilməsi üçün təkliflər verib.

Toplantıda müzakirə edilən mövzu ilə bağlı növbəti həftə QHT Əməkdaşlıq Alyansının geniş təhlil-açıqlaması ictimaiyyətə təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə