31 mart soyqırımının 95 illiyi ilə əlaqədar SİA-ya açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun böyük elmi işçisi, tarix elmləri namizədi İlqar Niftəliyev tarixi faciənin qısa məzmununu bir daha xatırladıb.
Onun sözlərinə görə, Rusiyada fevral inqilabından sonra Rusiya imperiyasının milli ucqarlarında milli hərəkat baş qaldırdı. Milli hərəkat həm də Cənubi Qafqaz və Şimali Azərbaycanda da baş qaldırmağa başladı. Milli hərəkatın əsas qayəsi isə milli məsələ idi. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında, eləcə də həmin ilin mayında Rusiya müsəlmanlarının Moskva qurultayında Azərbaycanın demokratik qüvvələri, gələcək Rusiyanın federativ dövlət və onun tərkibində Azərbaycana milli muxtariyyətin verilməsi tələbi ilə çıxış edirdilər. Fevral inqilabından sonra keçmişdə fəaliyyətləri qadağan olunan bir sıra partiyalar öz işlərini yenidən bərpa etdilər.
Bolşeviklər artıq başa düşürdülər ki, dinc yolla hakimiyyətlərini qoruyub saxlaya bilməyəcəklər. Buna görə güc tətbiq etmək istəyirdilər. Onlar əslində öz hakimiyyətlərini milli ucqarlarda və Rusiyanın mərkəzində məhz milli qarşıdurma yolu ilə qoruyub saxlamağa çalışırdılar. Bolşeviklər Qafqazda öz hakimiyyətlərini möhkəmləndirmək üçün keçmiş Rusiyanın əsas enerji mərkəzi olan Bakıda öz hakimiyyətlərini dayaq kimi düşünürdülər. Noyabrın 2-də Bakıda sovet hakimiyyətinin yaradılmasını elan etdilər. Lakin əhalinin çoxunu müsəlmanlar təşkil etdiyinə görə bu bolşevikləri çox narahat edirdi.
Milli sülhə və birliyə qarşı "sinfi mübarizə" və "sinfilik" mövqeyindən çıxış edən S.Şaumyan başda olmaqla Bakı bolşevikləri "Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına" çevirmək yolunu seçdilər. Bu müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərdilər. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir.
Ermənilər bolşeviklərin yardımı ilə 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın yaddaşlardan silinməyəcək iz buraxdı. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilir, on minlərlə insan itkin düşüb. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarında 50 minə qədər dinc əhalinin qətlə yetirildiyi yazılmışdı.
Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.
Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də yazdığı məktubunda etiraf edirdi: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".
Onu da xüsusi vurğulamaq yerinə düşərdi ki, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur...
- 1918-ci il mart qırğınlarının araşdırılması üçün xarici ölkə arxivlərində saxlanılan bəzi sənədlər Azərbaycana gətirilib. Sənədlərdə ölkəmizin müxtəlif bölgələrində yaşayan azərbaycanlıların ermənilər tərəfindən məruz qaldığı vəhşiliklər bir daha təsdiqini tapır. Sabah, yəni martın 31-də 1918-ci il hadisələrinin 95-ci ildönümü qeyd olunacaq. Mart soyqırımı ilə bağlı əldə olunan yeni sənədlər həmin qanlı tarixin bəzi qaranlıq məqamlarına aydınlıq gətirəcək. Onların arasında qırğınları əks etdirən fotoşəkillər də var. Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddə 3500 səhifədən ibarət yekun hesabatında həmin dövrdə Bakıda, Qubada, Şamaxıda törədilən cinayətlərin fotoşəkilləri yer alıb. Topçubaşovun şəxsi arxivindən də bəzi sənədlər əldə olunub. Bunlar soyqırımı dünyada tanıtmaq üçün həmin dövrdə Haaqa konfransına təqdim edilib. Həmin sənədlər arxiv şəklində çap olunub. Oradakı şəkillərin heç biri bu günə kimi dərc olunmamışdı.
Hazırda 31 Mart soyqırımının dünya ictimaiyyətinə çatdırılması işi layiqincə yerinə yetirilir...
Uzun illər əvvəl mart soyqırımı haqda heç nə yaza bilmirdik. Ancaq müstəqillik elan olunduqdan sonra (1991-ci il) böyük sayda elmi əsərlər, monoqrafiyalar, dissertasiyalar olub. AMEA-nın Tarix İnstitutu son 3 ildə 4 cildlik sənədlər toplusu nəşr etdirib. Həmin sənətlər toplusu 1918-ci il mart soyqırımına eyni zamanda 1918-20-ci illərdə İrəvan quberniyası ərazisində baş verən soyqırıma həsr olunub. Dünya ictimaiyyətinə bu kimi həqiqətlərin çatdırılması istiqamətində işlər mütəmadi olaraq həyata keçirilir. Azərbaycan alimlərinin yeni əsərlər yazırlar. Müasir dövrdə internet bizə imkan verir ki, məlumatları daha geniş auditoriyaya yaya bilək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB