ATƏT-in Bakı Ofisinin, Avropa Şurasının təşkilatçılığı və Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ilə əməkdaşlıq çərçivəsində Ədliyyə Nazirliyi, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Ombudsman Aparatının dəstəyi ilə "Tutulma və həbsə dair beynəlxalq standartlar, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanununun tətbiqi və pis rəftara qarşı mübarizə" mövzusunda təlimçilər üçün təlim başlayıb. AHK-dan SİA-ya verilən məlumata görə, təlimin birinci günündə açılış nitqi ilə Azərbaycan Hüquqşunasları Konfederasiyası İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseynli çıxış edib. O, tədbirin təşkilinə verdiyi dəstəyə görə ATƏT və Avropa Şurasının yerli ofislərinə, həmçinin Ədliyyə Nazirliyi, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Ombudsman Aparatına təşəkkürünü bildirib. Əli Hüseynli qeyd edib ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı Milli Ekspert Qrupu yaradılacaq. Milli Ekspert Qrupu isə qanunu tətbiq edəcək orqanların əməkdaşlarından ibarət olacaqdır. Sədr əlavə edib ki, Azərbaycan dövləti "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun qəbulu və tətbiqi ilə bağlı ciddi iradə nümayiş etdirir.

ATƏT-in Bakı Ofisinin səfir müavini xanım Monika Martinez isə təmsil olundğu qurumun "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun həm hazırlanmasına, həm də onun icrasına kömək etməyə çalışdıqlarını bildirib: "Eyni zamanda qeyd etməliyəm ki, ATƏT-in Bakı Ofisi olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları üçün də təlimlər keçirik. Biz bu təlimləri gələcəkdə də davam etdirəcəyik".

Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin, Ədliyyə Akademiyasının, Penitensiar Xidmətin Təlim Mərkəzinin, Respublika Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin, Respublika Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq İdarəsinin, Respublika Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin, DİN-in Polis Akademiyasının, Ombudsman Aparatının və "Azərbaycan Hüquq Konsorsiumu" layihəsinin əməkdaşlarının iştirak etdiyi təlimin iş sessiyaları başlayıb.

İş sessiyalarının ekspertləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Hökumətinin Agenti və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi sektorunun müdiri Çingiz Əsgərov, Avropa Şurasının məsləhətçisi Vitaliy Kasko, ATƏT-in eksperti Trevor Service olub.

Qeyd edək ki, müzakirələrlə davam edən təlim martın 1-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə