Tbilisi-Abxaziya dəmir yolu və bizim seçimimiz

Zahid ORUC, millət vəkili

Yeni gürcü hökumətinin geosiyasi baxışlarından keçmişdə bəhs etmişdik. Belə görünür ki,regionun əsas iqtisadi-siyasi və təhlükəsizlik tendensiyalarını təyin edə bilməyən İvanişvilinin komandası Rusiyadakı aktivlərini qorumaq və əvvəlki hakimiyyətin kursunun yanlışlığını sübuta yetirmək üçün ən yaxşı layihə kimi gürcü-abxaz dəmir yolunun işə salınması ideyasını ortalığa atıb. Azərbaycana səfəri öncəsi Bakı-Axalkalaki-Qars dəmir yolunun çəkilişini qeyri-rentabelli adlandıran yeni Baş nazir əslində bunu hansı maraqlardan dilə gətirdiyini tam ortaya qoymuşdur.

İki fərqli xarici siyasət orientasiyaları arasında manevr qabiliyyətini itirərək vurnuxan "Gürcü arzusu" işğal olunmuş ərazidələrn keçən kommunikasiyaların bərpası ilə çoxgedişli plan həyata keçirdiyini zənn edir. Belə ki,müstəqilliyi tanınan separatçı subyektlərlə hər cür əlaqələrə can atmaqla düşmənçiliyin azaldılması istiqamətində əlverişli təşəbbüslərin meydana gələcəyi düşünülür. Ən başlıcası,Ermənistan bu dəmir yolu vasitəsilə təcridolunmadan çıxır və Rusiya ilə yükdaşımalarını daha da genişləndirə bilir. Belə layihənin vasitəsilə rəsmi Yerevan Rusiya və Gürcüstan arasında daha böyük rola və barışdırıcı missiya sahibinə çevrilə bilir. Avropa Birliyi ilə dərinləşən əməkdaşlıq fonunda rəsmi Kreml cənub cinahındakı müttəfiqinin addımlarından qətiyyən narahat deyil. Əksinə, bu rusların çiyinlərində daşınan yükü azaldır.

Ermənistanın bu layihədən qazanması və özünün regional izolyasıyadan çıxarmasına həq cür qarşı olan Azərbaycan İvanişvilinin "nifaq alması"na çevrilən layihəsindən qətiyyən məmnun deyil və onun əngəllənməsinə çalışır. Gürcüstanın neft-qaz dəhlizi rolunda möhkəmlənməsi belə onu istədiyi təşəbbüsü reallaşdırmağa imkan vermir. Yəni, uzun müddət ərzində Qərblə enerji daşıyacılarının işlənməsində başlıca tranzit məkanına çevrilmiş Gürcüstan bölgəni iqtisadi cəhətdən qarışdıran təklifləri ilə nələri itirə biləcəklərinin fərqində olmalıdır.

Bəllidir ki, əslində Qarsa qədər uzanan dəmir ipək yolu Türkiyənin tarixi siyasi rolunu möhkəmlətmək və regionun Rusiyadan iqtisadi asılılığını azaltmaq baxımından da əhəmiyyətlidir. Çünki qədim dövrdən Çinə qədər uzanan nəhəng ticarət arteriyası işə düşərsə, bir neçə ölkənin iqtisadi durumunu əsaslı şəkildə dəyişə bilər. Əgər İvanişvili Rusiya ilə yükdaşımaları gerçəkləşdirmək istəyirsə, bu o deməkdir ki, Türkiyənin aktiv roluna və bölgədəki çəkisinə zərbə vurur, qüvvələr nisbətini dəyişdirir.

İvanişvili dərk edir ki, belə vasutələrlə itirilmiş torpaqları qaytara bilməyəcək. Onun qulağının dibində ixtilafda olduğu prezidenti bəyan edir ki, Putin "xarici siyasəti dəyişmək hesabına ərazilərin geri verilməsi təklifinə 50 dəfə yox deyib". Lakin son ümidin ölməsi üçün yeni komandanın rüsvayçı şəkildə iflasa uğrayacağı günü hələ gözləmək lazımdır.

Azərbaycanın iqtisadi və təhlükəsizlik maraqlarını təhdid edən bu layihəyə qarşı tətbiq olunacaq təsir vasitələrinin hamısı gedib Rusiyaya dirənir. Son aylar ərzində Cənubi Qafqazın siyasi atmosferindəki gərginliyin başlıca səbəblərindən biri də budur. Əgər Gürcüstan xarici siyasət kursunu dəyişsə, ölkəmiz üçün bir sıra diplomatik tədbirlər qaçılmaz olacaq. Görünür, axır vaxtlar bizə təzyiqlərin bir səbəbi də budur.

Nələr korrektə edilə bilərsə, hakimiyyətin onlara əl atacağına şübhə yeri yoxdur. İndi Saakaşvili iqtidarı təkcə özünü deyil, həm də bizim Qərblə birgə maraqlarımızı və dünyaya çıxış imkanlarımızı öz platformasında təmsil edir. Onun hakimiyyətdən gedişi Qafqazın yenidən bölüşdürülməsi uğrundakı savaşı kəskinləşdirəcək, qeyri-sabitliyi gücləndirəcək. Dəmir yolları ruspərəst qüvvələrin bölgəni ələ keçirməsi istiqamətində əlverişli revanş cəhdidir. Necə deyərlər, Romaya aparmayan köhnə xətlərin bərpası sonucda işıq vəd etmir!

Bütün xəbərlər Facebook səhifəmizdə