“Ana dilimizi sevək, sevdirək”

Ümumrespublika müsabiqəsi keçirilir

Bu il Azərbaycanda "Dilimiz varlığımızdır" devizi altında 10-cu "Ana dilimizi sevək, sevdirək" adlı ümumrespublika müsabiqəsi keçirilir. SİA-nın xəbərinə görə, bunu "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, müsabiqə "Çağ" Öyretim İşlətmələri şirkətinin Azərbaycan-Türkiyə özəl liseyləri tərəfindən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatı və əməyi dəstəyi ilə təşkil olunur. Müsabiqənin 21 fevral Beynəlxalq Ana dili gününə həsr edildiyini deyən Ə.Özərən qeyd edib ki, "Ana dilimizi sevək, sevdirək" adlı ümumrespublika müsabiqəsi üç mərhələdən, qrammatika, yazı, şeir, musiqi, internet saytı kateqoriyalarından ibarət olub. Müsabiqənin artıq I və II mərhələsi başa çatıb, III yekun mərhələ isə fevralın 18-də keçiriləcək: "Müsabiqənin I mərhələsində respublikanın 1115 məktəbindən 38428 şagird, II mərhələsində 135 şagird iştirak edib. Müsabiqənin III mərhələsinə mahnı kateqoriyası üzrə 6 nəfər, şeir kateqoriyası üzrə 5 nəfər, qrammatika kateqoriyası üzrə 10 nəfər, internet saytı hazırlamaq kateqoriyası üzrə 10 nəfər vəsiqə qazanıb. Yekun turunu respublikanın görkəmli dilçilərindən ədəbiyyat, incəsənət, mədəniyyət nümayəndələri, pedaqoqlardan ibarət münsiflər heyəti qiymətləndirəcək".

Mətbuat konfransının davamında Ə.Özərən və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, müsabiqənin yekun turu fevralın 18-də Azərbaycan Dövlət Milli Dram Teatrında keçiriləcək.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə