Beynəlxalq Miqrant günü qeyd olunub

Beynəlxalq Miqrant günü qeyd olunub

Bu gün "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai birliyinin təşkilatçılığı ilə Beynəlxalq Miqrant günü münasibətilə dövlət orqanlarının, beynəlxalq təşkilatların iştirakı ilə dəyirmi masa təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə millət vəkili Fazil Mustafa, BMT-nin QAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Dag Sigurdson, ATƏT-in Bakı ofisinin hərbi və siyasi şöbəsinin rəhbəri Con Makqreqor və digər şəxslər iştirak edib.Tədbiri giriş sözü ilə "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai birliyinin prezidenti Əlövsət Əliyev açıb. O bildirib ki, BMT Baş Assambleyası tərəfindən 2000-ci il dekabr ayının 4-də qəbul olunmuş qətnamə ilə 18 dekabr Beynəlxalq Miqrant günü elan olunub. O, Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi sahəsində aparılan islahatları uğurlu addım kimi qiymətləndirildiyini və Azərbaycanın hələ də daha çox emiqrasiya ölkəsi olduğunu bildirib. " Ölkə vətəndaşları əsasən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əsasən Rusiya, Qazaxıstan, Ukrayna, Türkiyəyə gedirlər. Son illərdə təhsil və ailə birləşməsi proqramları çərçivəsində gedənlərin sayının daha sürətlə artdığı da diqqətə çatdırıldı. Eyni zamanda başqa ölkələrə gedənlərin arasında qadınların sayı daha da artır. 2010-cu ildə ölkədən gedənlərin 70-75 faizini kişilər təşkil etdiyi halda, hazırda bu faiz göstəriciləri az qala 50 faizə enib.

Həmçinin Ə.Əliyev bildirdi ki, Azərbaycana gələn miqrantlar isə əsasən əmək fəaliyyəti ilə məşğul olmağa gələnlərdir.

Daha sonra BMT-nin QAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Dag Sigurdson BMT baş katibinin mesajını tədbir iştirakçılarının diqqətinə çatdırdı: "Bu gün təkcə Azərbaycanda deyil bütün dünyada qeyd olunur. Hər dəqiqə ərzində insanlar yaşadıqları yeri daha təhlükəsizi yerlərlə əvəz edirlər. 40 milyon insan bu qayda üzrə hərəkətdədir. Lakin çoxları öz yerlərinin tərk edərkən ayrıseçkiliyə məruz qalırlar. Qorxu ilə yanaşı bu insanların ürəyində bir ümid var. Bu əzmkarlıqları ilə onlar hər cəmiyyətə xeyir verə bilərlər. Miqrasiya beynəlxalq məsələdir və böyük düşüncə tələb edir. Növbəti ildə BMT Baş Assambleyası üzv dövlətlərin iştirakı ilə konfrans keçirdi. Burda əsas müzakirə mövzusu miqrantların rolu və vəzifələri olub. Dövlətlərin büdcələri daraldıqca, miqrantlara qarşı münasibət daha da sərtləşir. Həmçinin qanunvericiliyə də dəyişikliklər əlavə olunur. İqtisadi tənəzzül dövründə miqrantların rolu daha önəmli olur. Əgər miqrasiya ayrıseçkilik üzrə aparılarsa cəmiyyətdə qarşıdurmalara gətirib çıxaracaq. BMT-nin növbəti keçirəcəyi konfransda diqqət insan hüquqlarına yönəldiləcək. Hesab edirik ki, üzv dövlətlər qanunsuz miqrantlara qarşı münasibəti sərtləşdirməyəcəklər. Onlar müəllim və tibb bacılarını işə götürən zaman daha ədalətli olacaqlar. Dövlətləri bu məsələ ilə bağlı sənədlərə qoşulmağa dəvət edirəm".

Sonda ATƏT-in Bakı ofisinin hərbi və siyasi şöbəsinin rəhbəri Con Makqreqor fikirlərini bildirdi: "Miqrant gününü xüsusi günü qeyd etməkdən çox şadam. ATƏT olaraq miqrantlarla bağlı problemlərin olduğunu qəbul edirik. Bu ATƏT-ə daxil olan ölkələrdə də mövcuddur. Bunlardan ən çox rastlanan insan alveri və cinsi istismar hallarıdır. Bu məsələnin həlli üçün fəaliyyət göstəririk.

Bütün xəbərlər Facebook səhifəmizdə