Amerika Azərbaycan Cəmiyyətinin 55-ci ildönümü geniş qeyd olunub
Nyu-Yorkda fəaliyyət göstərən Amerika Azərbaycan Cəmiyyətinin (ASA) 55-ci və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümlərinə həsr olunmuş qəbul təşkil edilib.
ASA-dan verilən məlumata görə, Nyu-Yorkdakı məşhur "Empire State Building" göydələnində keçirilən tədbirdə ümumilikdə 100-dək qonaq, o cümlədən Azərbaycan, Türkiyə, Albaniya, Bolqarıstan, Makedoniya, Özbəkistan və Tacikistanın bu ölkədəki diplomatları, Nyu-Yorkda fəaliyyət göstərən müxtəlif dövlət, qeyri-hökumət və biznes təşkilatlarının, "CBS News" və digər media qruplarının nümayəndələri, Azərbaycan, Türkiyə və yəhudi icmalarının təmsilçiləri, Kolumbiya və Nyu-York universitetlərinin tələbələri iştirak ediblər.
Əvvəlcə ABŞ-ın və Azərbaycanın dövlət himnləri səslənib.
Mərasimi açan ASA-nın xarici əlaqələr üzrə direktoru Emin Həsənov təşkilatın tarixi və indiyədək gördüyü işlər haqqında məlumat verib.
Sabiq konqresmen Maykl MakMahon, ASA-nın prezidenti Tomris Azəri, Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev, Azərbaycan-Amerika Şurasının baş direktoru Cavid Hüseynov, məşhur memar Danni Forster, Türk Mədəniyyət Fondunun direktoru Nurten Ural, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, "Qafqaz Yəhudiləri Gənclər Mərkəzi"nin direktoru Lyuba Yusubova, Türk-Amerika Assosiasiyaları Federasiyasının prezidenti Əli Çinar, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Cavanşir Vəliyev çıxışlarında 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra qazanılan nailiyyətlərdən söhbət açıblar. Natiqlər, həmçinin ASA-nın Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafındakı xidmətlərindən danışıblar.
Tədbirdə Nyu-York şəhərinin qubernatoru Andryu Kuomonun, Azərbaycanın xarici işlər nazirinin müavini, ölkəmizin ABŞ-dakı ilk nümayəndəsi, səfir Hafiz Paşayevin, İsrailin Nyu-Yorkdakı baş konsulu İdo Aharoninin, eləcə də İsrail və Kanada icmalarının liderlərinin təbrik məktubları oxunmuşdur.
Mərasim Azərbaycan muğam musiqisinin ifaçısı Ceffri Verbokun, opera musiqiçisi İsgəndəriyyə Sultanzadənin və "Nyu-York Mərkəzi Asiya Vətən" musiqili rəqs qrupunun ifalarındakı konsert proqramı ilə davam etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB