Qurbanlıq qoyunların daha ucuz qiymətə satış yarmarkası keçiriləcək
Qurban Bayramı ərəfəsində əhalinin qurbanlıq heyvanlara olan tələbatınının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə qurbanlıq heyvanların satış yarmarkası təşkil ediləcək. Bu barədə SİA-ya İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətin şöbə müdiri Şahin Nağıyev məlumat verib. Ş.Nağıyev bildirib ki, satış yarmarkaları İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və digər aidiyyatı dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə həyata keçirəcək. Onun sözlərinə görə, Bakı şəhəri və paytaxtətrafı qəsəbələrdə təşkil olunacaq qurbanlıq heyvanlar bazarlıq qiymətlərlə müqayisədə daha ucuz olacaq.
"Bayram günlərində əhalinin bir çox ərzaq məhsullarına tələbatı artır. Qeyd olunan tələbatın daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısını almaq üçün İqtisadi İnkişaf Nazirliyi müvafiq dövlət orqanları ilə birlikdə müxtəlif ərzaq və kənd təsərrüfatı məhsullarının yarmarkalarını təşkil edir. O cümlədən, keçən il qurbanlıq qoyunların da satış yarmarkası təşkil edilib və oradan istehlakçılar daha ucuz qiymətə bazarlıq ediblər. Bu da əhalinin tələbatının daha dolğun ödənilməsinə stimul yaradıb. Qarşıdan gələn Qurban Bayramında da əhalinin tələbatını ödəmək üçün belə satış yarmarkaları təşkil olunacaq. Burada istehlakçılarınm seçim imkanları daha geniş olacaq. İstehlakçılara xidmətin göstərilməsi tam mövcud qanunvericiliyə uyğun həyata keçiriləcək", - deyə şöbə müdiri əlavə edib.
Ş.Nağıyev həmin satış yarmarkalarında qiymətlərin necə olacağına da münasibət açıqlayıb. O qeyd edib ki, bunlar tənzimlənən qiymətlər deyil, sərbəst qiymətlərdir: "Qiymətlər sahibkarların özü tərəfindən müstəqil şəkildə müəyyən edilir. Ancaq bütün yarmarkalarda malların satışı zamanı qiymətlər daha ucuz olur. Bu il də bazar qiymətlərindən kifayət qədər ucuz olacaq. Bu yarmarkalarda sahibkarlar üçün malların satılmasında müəyyən şərait yaradılır. Burada əsas məsələ odur ki, heyvanlar birbaşa sahibkarların özləri tərəfindən satılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB