İmişli rayonunda 40 minə yaxın ağac əkilib

İmişli rayonunda 40 minə yaxın ağac əkilib

Respublikamızın bütün bölgələrində abadlıq və quruculuq işləri geniş vüsət alıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bir neçə gün öncə Bərdə və Yevlax rayonlarına səfəri zamanı bölgələrdə gedən yeni tikinti və quruculuq işlərini sözün yaxşı mənasında sağlam bir rəqabət adlandırıb və qeyd edib ki, bütün görülən işlər sakinlərin normal istirahətinin təmin olunmasına xidmət edir.

İmişli rayonunda tikinti quruculuq işləri günü-gündən sürətini artırır. İmişli şəhərinin Heydər Əliyev prospektində, S.Fətəliyev, M.Əzizbəyov, A.Şadlınski, S.Ağamalıoğlu, 20 Yanvar, H.Aslanov küçələrində, H.Əliyev, M.Ə.Sabir, Nizami və S.Vurğun adına istirahət parklarında geniş abadlıq-quruculuq işləri görülür. Qeyd olunan küçələrdə olan ticarət və xidmət obyektlərinin fasad və dam örtükləri müasir memarlıq üslubuna uyğun dəyişdirilir, müasir işıqlandırma sistemi qurulur. Yararsız vəziyyətdə olan elektrik xətləri dəyişdirilir və yerüstü çəkilmiş qaz xətləri yeraltı qaz xəltəri ilə əvəz olunur. Qeyd olunan küçələrdə səkilərin tamet örtükləri dəyişdirilərək yenisi ilə əvəz olunur.

İmişli şəhərində müasir memarlıq üslubunda Heydər Əliyev mərkəzinin, Uşaq Gənclər Şahmat Məktəbinin, Gənclər Mərkəzinin və şəhərin dəmir yol vağzalının qarşısında Bayraq meydanının tikintisi davam etdirilir. Rayon Tarix Diyarşünaslıq muzeyinin binasının əsaslı təmir işləri aparılır.

Yuxarıda qeyd olunan tikinti və abadlıq işləri aparılarkən küçələrin hərəkət zolağına maneçilik törədən, yerli iqlim şəraitinə uyğun gəlməyən, bir sıra kommunikasiya və elektrik-qaz xətlərinin təhlükəsizliyinə əngəl törədən müxtəlif növ ağaclar köçürülüb, qurumuş ağaclara isə götürülüb. Bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi məktub ünvanlanıb. Nazirlik tərəfindən yaradılmış komissiya ağacların köçürülməsinə və götürülməsinə rəsmi icazə verib.

Bununla yanaşı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində 2012-ci ilin 9 ayı ərzində İmişli rayonu ərazisindəki magistral avtomobil yollarının ətrafına 33 min 800 ədəd müxtəlif növ ağaclar əkilib. Həmçinin, 06 oktyabr 2012-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə bağlı keçirilən tədbirlər sırasında İmişli şəhərinin müxtəlif küçə və parklarında, yol kənarlarında rayon ictimaiyyətinin nümayəndələri tərəfindən 2 mindən çox müxtəlif növ ağaclar əkilib.

Buna baxmayaraq bəzi qəzetlərdə görülən işlərin əksinə olaraq bəzi həqiqətəuyğun olmayan məlumatlar dərc edilir. SİA-nın əməkdaşı bununla bağlı Rayon İcra Hakimiyyətindən münasibət öyrənə bilib. Bildiriblər ki, son günlər müxalifət yönümlü bir sıra mətbuat orqanlarında İmişli rayonunda ağacların kütləvi sürətdə kəsilməsi barədə verilən məlumatlar yalandır. Aparılan bu sürətli abadlıq-quruculuq işlərinə kölgə salmağa xidmət bu kimi məlumatlar gün-gündən gözəlləşən rayonumuzun abadlaşmasına mane ola bilməz.

Rayonumuzda sakinlərin normal işləməsini və istirahətini təmin etmək məqsədilə abadlıq və quruculuq işləri bundan sonra da sürətlə davam etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə