"Maarifləndirmə Komitənin fəaliyyətində əsas istiqamət olacaq”

Bu gün Oğuz şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda iki günlük seminar-treninq işinə başlayıb. Komitədən SİA-ya verilən məlumta görə, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifiləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Canpolad Musayev, akademik Vasim Məmmədəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Seminar-treninqdə respublikanın 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayəndənin iştirak edir. Tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.

Seminar-treninqi giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov iştirakçıları salamlayaraq, Oğuzdakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin ilki olduğunu diqqətə çatdırıb. Komitə sədri ölkə dindarlarının müasir dövrün tələbləri ilə ayaqlaşmalarının zəruriliyini vurğulayıb. O, Azərbaycanda yüksək səviyyədə olan "Dövlət-din" münasibətlərinin daha da təkmilləşdirilməsinin vacibliyini önə çəkib. E.İsgəndərov müstəqillik dönəmində Azərbaycanda din sahəsinin sürətli inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. O bildirib ki, maarifləndirmə Komitənin fəaliyyətində əsas istiqamət olacaq.

Daha sonra seminar iştirakçılarına şeyxülislam Hacı Allahşükür Paşazadə müraciət edib. O bildirib ki, bəzi xarici qüvvələr Azərbaycanda daim yüksək səviyyədə olan dini tolerantlıq ab-havasına zərbə vurmağa çalışırlar. Bunun qarşısını almaq üçün də istər bölgədə, istərsə də ölkənin digər regionlarında din xadimləri diqqətli olmalıdırlar, maarifləndirmə prosesinə xüsusi həssaslıqla yanaşmalıdırlar. A.Paşazadə bu kimi tədbirlərin olduqca böyük əhəmiyyətə malik olduğunu xüsusilə vurğulayıb.

Digər natiqlər də çıxışlarında Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında seminar-treninqlərin mütəmadi keçirilməsinin zəruriliyindən söz açıblar.

Qeyd edək ki, tədbir 2 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...