Əlil gəncləri aktiv həyata necə qaytarmalı?

Bu gün Britsh Council təşkilatının Fəal Vətəndaşlar Proqramının maliyyə dəstəyi ilə "Müstəqil həyat" İnkişaf və Dəstək Mərkəzi "Əlilliyi olan gənc fəallar – İnklüziv təhsil uğrunda" adlı layihə çərçivəsində mətbuat konfransı keçirıb. Tədbirdə Mərkəzin rəhbəri Aydın Xəlilov, Britsh Council təşkilatının nümayəndəsi Əkbər Daşdəmirov, paraolimpiya komandasının üzvü Kənan Məmmədov, əlilliyi olan şəxslər və KİV nümayəndələri iştirak edib.

Layihə əlilliyi olan insanların aktiv həyata qaytarılması, əlilliyi olan şəxslərin problemlərini və onların həlli yollarını ictimaiyyətin diqqətinə çatdırılmasına xidmət edib. Aydın Xəlilov əlilliyi olan gənclərin həyat tərzindən danışıb: "Əlilliyi olan gənclər müəyyən qüsurlarına görə özlərini cəmiyyətdən təcrid olunmuş kimi hiss edirlər. Bizim məqsədimiz bu gəncləri yenidən aktiv həyata qaytarmaqdır".

Kənan Məmmədov isə əlilliyi olan gənclərin aktiv həyata cəlb olunmasından danışıb: "Yaşayış mühitindən asılı olaraq əlillər ictimaiyyətdən kənarda qalırlar. Əlil olmağıma baxmayaraq mən çalışıram ki, aktiv həyat keçirim. 28 iyul 2012-ci il tarixində Minsk şəhərində könüllü olaraq 3500 metr hündürlükdən paraşütlə atlanaraq əlillər haqqında yanlış fikirlərə çağırış elan etdim. Gələcəkdə özümü qılıncoynatmada da sınamaq istəyirəm".

Sonda Aydın Xəlilov təşkilat olaraq gələcəkdə də bu sahədə fəaliyyətlərini daha da inkişaf etdirəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə