Ağsu rayon İcra Hakimiyyəti təkzib edir

Bəzi mətbuat orqanları rayonda taxıl biçininin 20 gündən artıq başlamasına baxmayaraq rayon sakinlərinə məxsus sahələrdə biçinin aparılması ilə bağlı heç bir köməklik göstərilmədiyini qeyd edirlər. SİA-nın bu məsələ ilə bağlı sorğusuna rayon icra hakimiyyətindən cavab gəlib.


Bildirilib ki, cari ilin məhsulu üçün rayonda 35600 hektar sahədə taxıl əkilib. May ayında rayon İcra Hakimiyyətində taxıl biçinin vaxtında və itkisiz başa çatdırılması üçün müşavirə keçirilmiş və bu məqsədlə rayon qərargahı yaradılıb. Biçinə iyun ayının əvvəllərindən başlanılıb. Bu günədək rayon üzrə 16000 hektardan çox sahənin taxılı biçilmişdir. Qərargah vaxtaşırı ərazi icra nümayəndəlikləri əlaqə saxlayır və lazımi köməklik göstərir. Hazırda rayon üzrə 81 kombayn taxıl biçininə cəlb olunub.


Qeyd edək ki, 35600 hektar əkilmiş sahədən 17784 hektarı arpa sahələridir. Arpa əkilmiş sahələrin biçilməsi artıq başa çatmaq üzrədir. Yaxın günlərdə buğda əkini sahələrinin biçininə başlanılacaqdır. Əlavə olaraq bildiririk ki, biçin kampaniyasının daha mütəşəkkil keçirilməsi üçün ətraf rayonlardan da kombaynlar cəlb olunacaqdır. Yaxın vaxtlarda kombaynların sayı 100-ə çatdırılacaqdır.


Hər gün rayonda 1000-1200 hektar sahənin taxılı biçilir. Bu da onu deməyə əsas verir ki, taxıl biçini ilə əlaqədar heç bir narahatlıq yoxdur. Qərargah tərəfindən hər gün məlumatlar toplanaraq rayon rəhbərliyinə təqdim olunur.


Həmin mətbuat orqanları heç bir mənbəyə əsaslanmadan böhtan xarakterli məlumatlar yazırlar. Taxıl biçini kampaniyası rayon rəhbərliyinin gündəlik diqqət mərkəzindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə