Qüdrət Həsənquliyev: \"NATO-nun bizim hüquqlara hörmətlə yanaşdığını düşünmürəm\"

"Çikaqo sammitində NATO-nun Azərbaycanın ərazi bütövlüyünü tanıdığı qeyd olunub. Hesab edirəm ki, bu yeni bir fikir və mövqe deyil". SİA-nın xəbərinə görə, Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, Avropa Birliyi, Avropa Şurası, NATO hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də təəssüf ki, sonra verilən bəyanatlar bu fikrin mənasını sıfıra endirir. Onun sözlərinə görə, ABŞ dövlət katibi Hillari Klinton Çikaqo sammitinin ardınca Ermənistanda bəyan etdi ki, Dağlıq Qarabağ müharibəsi güc tətbiq olunmadan həll olunmalı, Helsinki yekun aktına əsaslanmalıdır. Güc tətbiq olunmasına qadağa qoyulmalı və dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi əsasında həll edilməlidir.


"Lakin Ermənistan faktiki güc tətbiq edib, 20% torpaqlarımızı işğal edib, bizi bu fakt qarşısında qoyub. İndi isə dünya birliyi bizdən bu faktla barışıb Ermənistana güzəştə getməyə və bu problemi həll etməyi tələb edir. Amma heç kim Ermənistandan bu torpaqları tərk etməyi tələb etmir. Əgər bu məsələ Helsinki yekun aktına əsaslanırsa, ilk olaraq Ermənistandan bu torpaqları tərk erməsi tələb olunmalıdır. İkincisi bəyanat verilir ki, Osetiya və Abxaziya Gürcüstanın ərazisidir və ərazi bötüvlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanla bağlı isə bu bəyanat verilmir. Buradan da beynəlxalq təşkilatların ikili standartları nəzərə çarpır və Ermənistana açıq dəstək görünür. Bizim cəmiyyətdə yanlış fikire formalaşdırılmamalıdır ki, guya NATO hansısa beynəlxalq hüquqa hörmət nümayiş etdirir və ya beynəlxalq prinsiplərə hörmətlə yanaşır. Biz bu hörməti görümürük və hesab edirəm ki, bu məsələlərdə Gürcüstanla fərqli məsələlərin şahidi oluruq. NATO-nun bizim hüquqlara hörmətlə yanaşdığını düşünmürəm", - deyə Q.Həsənquliyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə