Spiker Ukrayna xarici işlər nazirinə minnətdarlıq edib

Spiker Ukrayna xarici işlər nazirinə minnətdarlıq edib

Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, O.Əsədov bu səfərin münasibətlərin inkişafına yeni töhfə verəcəyinə inamını söyləyib. O bildirib ki, Azərbaycan onun dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi Ukrayna ilə əlaqələrin inkişafına böyük önəm verir. Təqdirəlayiq haldır ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra xalqlarımızı birləşdirən ən yaxşı ənənələr qorunub saxlanılmış və daha da inkişaf etdirilib.

Söhbətdə spiker deyib ki, münasibətlərin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynayır. İqtisadi sahədə də əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Təkcə ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard ABŞ dolları həcmində olub. Ukrayna Azərbaycanın ticari tərəfdaşları arasında MDB-də ikinci, dünyada isə altıncı yer tutur. Yanacaq-energetika, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə əlaqələrimiz sürətlə inkişaf etməkdədir.


Spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ukraynanın göstərdiyi prinsipial mövqeyə görə öz minnətdarlığını bildirib. Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ölkəmizə səfəri zamanı keçirdiyi görüşləri yüksək qiymətləndirib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeritdiyi siyasətin xalqın istək və arzularına cavab verdiyini və ölkənin sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, dövlətlərarası münasibətlər sistemində özünəməxsus yeri olan parlamentlərarası əlaqələr əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Qonaq gələcəkdə bu sahədə əlaqələrin daha da möhkəmlənəcəyinə inamını ifadə edib. O, siyasi, iqtisadi sahədə uğurlarımızın humanitar sahəyə də təsirini qeyd edərək bu günlərdə Kiyevdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini, gələn il isə Bakıda Ukrayna tərəfindən belə tədbirin təşkil olunacağını təqdirəlayiq hal kimi səciyyələndirib. O, "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfini təbrik edərək bunu müstəqil Azərbaycanın həyatında əlamətdar hadisə kimi dəyərləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə