Bakı şəhərində müvəqqəti məskunlaşmış Laçın rayon orta məktəblərinin müəllim kollektivi və şagirdlər bu gün Laçın rayonunun Ermənistan ordusu tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər. SİA-nın məlumatına görə, ziyarət zamanı şəhidlərin ruhlarına dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyub.
Qeyd edək ki, 20 il bundan qabaq - 1992-ci il mayın 18-də Laçın rayonu ermənilərtərəfindən işğal edilib.
Ərazisi 1835 kvadrat kilometr, əhalisi işğala qədər 64 min nəfər olub. İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.
Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəsisəsi hazırda işğal altındadır. İşğal nəticəsində 63 min 341 azərbaycanlı öz yurdundan didərgin düşüb.
İyirmi illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.
Nərmin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB