Hacıbala Abutalıbov: \"Mənzillə təmin edilən sakinlərin 99%-i hökümətin təkliflərindən razıdır\"

"Paytaxtın abadlaşdırılması məqsədilə evləri sökülərək yeni mənzillərlə təmin edilən sakinlərin 99 faizi hökumətin təkliflərindən narazı deyil. Təəssüf ki, narazı olanlar da var. Biz bazar qiymətinə uyğun məbləğ təklif edirik. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Maliyyə Nazirliyinin mütəxəssislərindən ibarət təşkil olunmuş qiymətləndirmə komissiyası mövcuddur. Biz də həmin qiymətləndirməyə uyğun sakinlərə pul təklif edirik. Bakı Şəhər İcra Hakimiyyəti özündən qiymət müəyyənləşdirmir". SİA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov verib.


H. Abutalıbov bildirib ki, evləri sökülən vətəndaşlara hər kvadrat metrinə görə 1500 manat və ya təmir olunan mənzillər təklif olunur: "Təklif edilən məbləğlə razılaşmayan vətəndaşlara, onların yaşadığı mənzillərin üzərinə 20 faiz əlavə sahə gəlməklə yeni təmir olunan mənzil verilə bilər. Bu gün paytaxtın bütün küçələrində yeni mənzillər inşa olunur. Biri deyir ki, mənzil dəniz kənarında olmalıdır. Digəri mənzilinin Heydər Əliyev parkının yaxınlığında olmasını istəyir".


H. Abutalıbov paytaxtın Yasamal, Səbail, Xətai, Nizami rayonlarında evləri sökülən vətəndaşlara mənzillər təklif edildiyini də qeyd edib: "Ancaq bilirsiniz ki, sakinlərin çoxu yeni evlərdən mənzil almaq istəmirlər. Deyirlər ki, pulu verin, qonşu küçədən ev alaq. Həmin pulu veririk. Ancaq bunu bilmək lazımdır ki, mənzilin hər kvadrat metri üçün vətəndaşa 1500 manat pul verilir. Bu məbləğə notarius xərcləri, vergi və digər xərclər daxil deyil. Mənzilləri isə biz seçmirik, vətəndaşlarımız özləri seçir. Təmiri özləri etmək istədikdə əlavə olaraq təmir xərcini də ödəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə