\"Heydər Əliyev irsi və milli-mənəvi dəyərlərimiz\" mövzusunda mühazirə keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatı tərəfindən \"Heydər Əliyev irsi və milli-mənəvi dəyərlərimiz\" mövzusunda mühazirə kursu keçirilib. SİA-nın məlumatına görə, tədbirlərin əsas mahiyyəti həm ölkə ictimaiyyətinə, xüsusən də gənc nəslə, həm də dünya ictimaiyyətinə Heydər Əliyev irsi haqqında daha müfəssəl bilgilər vermək və onun planetar siyasətçi kimi gördüyü işləri müxtəlif aspektlərdən təhlil etməkdir. Tədbirdə vurğulanıb ki, hər il olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ulu Öndər Heydər Əliyevin doğum günü münasibəti ilə silsilə tədbirlər planı hazırlayıb və artıq bu tədbirlərin icrasına başlayıb. Bu tədbirlərdən birincisi Heydər Əliyev irisinin daha dərindən araşdırılması, Ümummilli Liderin ölməz ideyalarının gənclər arasında təbliği məqsədilə təşkil olunan \"Gənclər Heydər Əliyev irsini öyrənir\" adlı mühazirə kursudur. 30 aprel-7 may tarixləri arasında keçirilən mühazirələri ölkəmizin tanınmış siyasi xadimləri, elm adamları dinləyicilərin diqqətinə çatdırıb. Mühazirələr Heydər Əliyevin ölkəmiz üçün gördüyü işlərin müxtəlif tərəflərini özündə ehtiva edib.

Məlumat üçün bildirək ki, ilk mühazirə 30 aprel 2012-ci il tarixində saal 15.00-da \"Heydər Əliyev və Azərbaycan gəncliyi\" mövzusunda keçirilib. Məruzəçi YAP Gənclər Birliyinin sədri Seymur Orucov Heydər Əliyevin Azərbaycan gəncliyi üçün gördüyü işlərdən geniş söz açıb.

Digər mühazirələr \"Heydər Əliyev və Azərbaycan dili\", \"Heydər Əliyev və milli tariximiz\", \"Heydər Əliyevin neft strategiyası\", \"Heydər Əliyev və milli mədəniyyətimiz\" mövzularında keçirilmiş, mövzuları ADPU-nun elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev, Ümumi Tarixi kafedrasının müdiri, professor Vəli Əliyev, ADPU-nun iqtisadi və sosial fənnlər kafedrasınm müdiri, professor Əli Allahverdiyev, ADPU YAP-ın idarə heyətinin sədri, professor Himalay Qasımov tədris edib. Sonuncu- bu günkü mühazirə isə \"Heydər Əliyev irsi və milli-mənəvi dəyərlərimiz\" mövzusunda keçirilib. Məruzəçi ADPU-nun Təlim-tərbiyə işləri üzrə prorektoru, professor Rafıq Baxşəliyev olub.

Qeyd edək ki, mühazirədə iştirak edən gənclər sonra məruzəçilərə müxtəlif istiqamətlərdə suallar ünvanlayıb. Məruzələr diskussiya şəraitində qurulduğundan dinləyici gənclərin verdiyi təkliflər qeyd edilərək onların həyata keçirilməsi ilə bağlı işlər YAP Gənclər Birliyinin Ofisinə tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə