Mətbuat Şurasının sədri Gürcüstanda regional media toplantısına qatılacaq
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov postsovet məkanı ölkələrinin medianın özünütənzimləməsi ilə bağlı qurumlarının Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək regional görüşünə qatılacaq.
MŞ-dan SİA-ya verilən məlumata görə, martın 22-23-də baş tutacaq toplantıda təşkilatçılarla yanaşı, Rusiya, Ukrayna, Azərbaycan, Moldova və Ermənistandan nümayəndələr olacaqlar.
Qeyd edək ki, Avropa Birliyinin və Avropa Şurasının Cənubi Qafqazda və Moldovada söz və mətbuat azadlığının, plüralizmin və jurnalist peşəkarlığının artırılmasına yönələn layihəsi çərçivəsində ötən il vahid şəbəkə formalaşdırılıb. Görüşdə müzakirə olunacaq başlıca məsələ həmin şəbəkənin fəaliyyətinin nəzərdən keçirilməsidir. Tədbirdə qurumun Baş assambleyasının, eləcə də Katibliyinin təşkili formaları da müəyyənləşdiriləcək.
Görüş çərçivəsində həmçinin iştirakçı ölkələrin təmsilçilərinin hər birinin özünütənzimləmənin yerli təcrübəsinə dair məruzəsi dinləniləcək. Jurnalist etikası və regionda jurnalistlərin peşə fəaliyyəti ilə bağlı tendensiyalar ətrafında fikir mübadiləsi aparılacaq.
Həmçinin onu da qeyd edək ki, regional media toplantısında Ə.Amaşovla yanaşı ölkəmizdən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB