Millət vəkillərimizin Belçika səfərinin proqramı bəlli olub

Millət vəkillərimizin Belçika səfərinin proqramı bəlli olub

5 – 8 Mart 2012-ci il tarixdə Azərbaycan nümayəndə heyəti Belçikada səfərdə olacaqdır. Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, eləcə də millət vəkilləri Elxan Süleymanov, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fazil Mustafa, Qənirə Paşayeva, Azər Kərimli, Fərəc Quliyev və Ceyhun Osmanlı, hüquq elmləri üzrə fəlsəfə doktoru Fuad Süleymanov və tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı daxildir. SİA-nın xəbərinə görə, səfərin martın 6-da azərbaycanlı qonaqların Brüssel şəhərinin meri ilə görüşü ilə başlanacaqdır. Elə həmin gün Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında "İşğal edilmiş ərazilər, unudulmuş ərazilər (Dağlıq Qarabağ münaqişəsi – hüquqi və humanitar aspektlər )" mövzusunda dinləmələr olacaqdır. Eləcə də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, "Avropada strateji araşdırmalar və təhlükəsizlik mərkəzi" nin direktoru Claude Moniquet, "Sərhədsiz vəkillər" təşkilatının təsisçisi Pierre Legros, Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova, hüquq elmləri üzrə fəlsəfə doktoru Fuad Süleymanov və tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının iştirakı ilə debatların keçirilməsi nəzərdə tutulur.

Martın 7-də Azərbaycan nümayəndə heyətinin Belçika Senatının sədri xanım Sabine de Bethune ilə görüşü baş tutacaqdır. Görüşdən sonra Belçika – Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşü keçiriləcəkdir. Həmin gün nümayəndə heyətinin Belcikanın Brüssel əyaləti parlamentinin spikeri ilə görüşündən sonra Parlament binasında "Avropa Birliyi ölkələrinin Dağlıq Qarabağ konfliktinin həllindəki rolu" mövzusunda "Sərhədsiz Hüquqşünaslar" təşkilatının təsisçisi Pierre Legros və "Avropada strateji araşdırmalar və təhlükəsizlik mərkəzi" nin direktoru Claude Moniquet ilə debatların aparılması nəzərdə tutulur. Martın 7-də axşam Azərbaycan nümayəndə heyəti Azərbaycan Respublikasının Belçikadakı Səfirliyində Xocalı şəhidlərini anma mərasimində və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş fotosərgidə iştirak edəcəkdir.

Martın 8-də nümayəndə heyətimiz Azərbaycana qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə