Səbail Rayon İcra Hakimiyyəti 2011-ci ilin hesabatını verdi - FOTOSESSIYA

Səbail Rayon İcra Hakimiyyəti 2011-ci ilin hesabatını verdi - FOTOSESSIYA

Bu gün Səbail rayon İcra Hakimiyyətində 2011-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görən işlər və və 2012-ci il üçün qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. SİA-nın xəbərinə görə, iclasdan öncə qonaqlar ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin qarşısındakı büstü önünə əklil qoyublar. Daha sonra rayonda 2011-ci il ərzində görülən işlərin əks olunduğu film nümayiş etdirilib.


Millət vəkilləri Ziyad Səmədzadə, Şəmsəddin Hacıyev, Fuad Muradovun da iştirak etdiyi hesabat yığıncağında məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ötən il ərzində rayonda görülən işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb. O bildirib ki, 2011-ci ilin yekunlarına görə rayonun sənaye müəssisələri üzrə 24 milyard 338,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 19,9 % çox məhsul istehsal edilib və xidmətlər göstərilib: "Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 92,6 % olub. Sənaye məhsulunun natura ifadəsində həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.9 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən görülən iş və xidmətlərin həcmi 639,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 34,0 % çox olub. Rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 768,0 milyon manatlıq və ya 2010-cu ilin müvafiq dövrünə nisbətən 1,1 % çox rabitə xidmətləri göstərilib. Əldə olunan gəlirin 14,9 %-i dövlət, 85,1 %-i isə qeyri dövlət müəssisələri tərəfindən əldə olunub. 2011-ci il ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2325,4 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 % çoxdur. İstehlak bazarında əhaliyə 568,9 milyon manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilmişdir. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,7 % çoxdur. 2011-ci ilin yanvar-noyabr ayları ərzində sənaye müəssisələrində işçilərin siyahı tərkibində orta sayı 11668 nəfər, orta hesabla hər bir işçiyə düşən orta aylıq əmək haqqı 1864,7 manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 % çoxdur. Ötən il Səbail rayonunda çalışan işçilərin sayı 89630 nəfər, orta aylıq əmək haqqının məbləği isə 900,5 manat olub ki, bu da keçən illə müqayisədə 6,7 % çoxdur. 2011-ci il ərzində rayonda 1881 daimi iş yeri açılıb. Ümumiyyətlə 2003-cü ilin noyabrından 2012-ci ilin yanvar ayının 1-dək 35084 iş yeri açılıb ki, bunlardan 34216 iş yeri daimidir. 2012-ci ilin yanvar ayının əvvəlinə Səbail rayonu üzrə daimi əhalinin sayı 93816 nəfər olub".


Tədbirin davamında Səbail rayon Polis İdarəsinin rəisi İlqar Mahmudov, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev və digər qonaqlar hesabat məruzə ətrafında çıxış edərək əldə olunan uğurlar, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışıblar. Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub. Bundan əlavə, cari il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2011-ci ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edərək yüksək nəticələr əldə edən 10 nəfər orta məktəb şagirdinə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə