Azərbaycanda günəş batareyaları istehsal ediləcək

Azərbaycanda günəş batareyaları istehsal ediləcək

Hazırda Sumqayıt şəhərində tikilməkdə olan günəş panelləri istehsalı zavodu bu ilin fevral ayı ərzində işə salınacaqdır. SİA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyi rəhbərinin müavini Cəmil Məlikov AzərTAc-a bildirib.

C.Məlikov qeyd edib ki, hazırda yeni zavodun və quraşdırılan avadanlığın sınaqdan keçirilməsi üzrə işlər görülür, eləcə də paralel olaraq işçi heyətinin öyrədilməsi aparılır. Düşünürəm ki, fevral ayı ərzində zavod işləməyə başlayacaqdır. Zavod ilkin olaraq bir növbədə işləyəcək, istehsalın qurulması və heyətin öyrədilməsindən asılı olaraq mərhələli şəkildə ikinövbəli və ilin sonuna qədər isə üçnövbəli iş rejiminə keçiləcəkdir. Günəş panellərinin istehsalı ilə yanaşı, zavod, həmçinin enerjiyə qənaət edən LED lampalar da buraxacaqdır.

Zavodun tikintisi özəl sektor tərəfindən maliyyələşdirilir. Onu Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyinin dəstəyi ilə "Azgüntex" şirkəti tikir. Zavodda quraşdırılan avadanlıqlar Almaniyada istehsal olunmuşdur. Qiymətlər Çin istehsalçılarının təklif etdikləri məhsulların qiymətlərinə uyğun olacaqdır.

Müəssisənin illik istehsal gücü ümumi gücü 25 meqavatdan artıq olan 100 min ədəddən çox fotoelektrik modulları, habelə bir milyon ədədə yaxın müxtəlif enerjiyə qənaət edən lampalardır.

Bütün xəbərlər Facebook səhifəmizdə