Bulvarda yeni ilə hazırlıqlar davam edir

Dənizkənarı Milli Parkda qış mövsümünün və yeni ilin gəlişinə hazırlıq işləri son sürətlə davam edir. Gərək paytaxt sakinlərinin, gərəksə də qonaqların sevimli istirahət məkanı olan bulvarda yeni və maraqlı attraksionlarla yanaşı parkın fərqli dizayn da könül oxşayacaq. Fürsətdən istifadə edərək həftə sonu istirahətini biz də yolumuzu bulvardan saldıq.

Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidovun SİA-ya verdiyi məlumata görə, yenil il ərəfəsində bulvar ərazisində 8 yerdə yolkaların quraşdırılması nəzərdə tutulur. Ən böyük şam ağacı Kukla Teatrının arxasında, keçmiş "Dinamo" İdman Cəmiyyətinin yerində tikilən böyük meydançada quraşdırılacaq. Şam ağaclarının yanında şaxta baba və qar qızları da olacaq. Ötən illərdən fərqli olaraq bu il şaxta baba və qar qız işə götürülərkən onların görkəmlərinə də diqqət yetiriləcək. Ən əsası isə onların intellektual səviyyəsi yaxşı olmalıdır. Şaxta baba və qar qızı nağıllar bilməli, uşaqlarla rəftar etməyi bacarmalıdır. Onların sağlam olması da əsas məsələlərdən biridir. Yeni il şənlikləri zamanı Dənizkənarı Milli Parkda maraqlı filmlər nümayiş olunacaq, bulvar haqqında geniş məlumatlar veriləcək. Bundan əlavə, kukla geyimində olan insanlar vətəndaşları əyləndirəcək.Dənizkənarı milli parkın daha bir yeniliyi isə burada açılan 2 yeni atraksiondur. Onlardan biri 3 otaqdan ibarət "Möcüzə dünyası" adlanır. İtaliyadan gətirilən bu atraksionun sakini olmaq üçün bir nəfərə 2 manatından keçməli olacaq. İkinci atraksion isə "Şən güzgülər" adlanır. Burada müxtəlif formalı gözgülərdə insanlar özlərini çox qəribə şəkillərdə, eybəcər hallarda görür. Bu həm gülməli, həm də çox əyləncəlidir. "Şən güzgülər"də özünü görmək istəyən 50 qəpik ödəməlidi. Yeniliklərdən biri də, bulvarda velosiped sürənlər üçün xüsusi yolun ayrılmasıdır. Bu yolda xüsusi xətlər çəkiləcək.

Bulvardakı qiymət məsələsinə də aydınlıq gətirən N.Məcidov bazar iqtisadiyyatı ilə əlaqədar onalrın qiymətlərə birbaşa təsir edə bilmədiyini bildirir. Amma Bulvar İdarəsi bayramqabağı süni qiymət artımının olmaması üçün nəzarəti gücləndirəcək.


Aynurə Asimqızı


Bütün xəbərlər Facebook səhifəmizdə