Sosial şəbəkələrə aludə olanlar arasında boşanmalar çoxalıb ARAŞDIRMA

Sosial şəbəkələrə aludə olanlar arasında boşanmalar çoxalıb ARAŞDIRMA
Son illərin yekun hesabatında boşanmaların sayı ilə bağlı verilən məlumatlar acınacaqlı təsir bağışlayır. İldən-ilə statistika göstərir ki, dağılan izdivacların sayı bağlananlardan daha çoxdur. Rəsmi statistikaya görə, qurulan ailələrin 20 faizi boşanma ilə nəticələnir. Boşanmaların sayı ilə bağlı vəziyyət 2011-ci ildə də ürək acan deyil. Hələlik cari ilin yekunları ilə bağlı statistik göstəricilər məlum olmasa da, çalışdıq ki, bu ilki vəziyyətin nə yerdə olduğunu öyrənək.
SİA-nın məlumatına görə bu il Gəncədə 1000-dən çox nigah, 300-dən artıq boşanma faktı qeydə alınıb. Binəqədi rayonu üzrə 272 ailə boşanmaq üçün ərizə verib. Ümumilikdə 2011-ci ilin ilk altı ayı ərzində ölkədə 39 803 nikah bağlanıb, 5 335 nikah isə pozulub. Artıq bu rəqəmlər göstərir ki, bu ildə boşananların sayı nigaha girənlərdən xeyli çoxdur.


Kişilər yalnız xəyanətlə üzləşəndə boşanma qərarı verir


Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova hesab edir ki, boşanmağa ərizə verənlərin çoxu qadınlardır: "Artıq bu faktı rəsmi göstəricilər də sübut edir. Onu da deyim ki, statistik məlumatlarda yalnız rəsmi nigahda olanların sayını göstərir. Əgər qeyri-rəsmi nikahdan boşananların sayını da bunun üzərinə gəlsək vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu təsəvvür etmək çətin deyil.
Bu gün ailələrin dağılmasının əsas səbəblərindən biri ailə zorakılığıdır. Adətən qadının psixologiyasında öz ocağını dağıtmağa meyllilik olmur, o, övladını atalı böyütmək istəyir. Boşanmış qadına cəmiyyətdə də münasibət bir mənalı olmaması qadını boşanma adımmı atmaqdan çəkindirir. Ancaq vəziyyət dözülməz həddə çatanda, boşanma zərurətə çevrilir. Demək ki, həmin qadının vəziyyəti olduqca acınacaqlıdır ki, bu addımı atmağa məcbur olur. Statistika da göstərir ki, kişilər çox nadir hallarda boşanma üçün ilk addım atır. Onları buna vadar edər yeganə səbəb xəyanət ola bilər".
M. Əzizova boşanma səbəbləri arasında erkən nikah, ana ola bilməmək və yaxud problemli uşaq dünyaya gətirmə üzündən yaranan problemlər, sosial və maddi sıxıntılar, ailə başçısının azadlıqdan məhrum edilməsi və s. də var.


Ailə məfhumu tamamilə ləğv ola bilər


Son illər isə boşanma səbəbləri sırasına daha biri əlavə olunub - sosial şəbəkələr. ABŞ-da aparılan bir araşdırmanın nəticələri göstərib ki, durmadan artan boşanmaların əsas səbəblərindən biri sosial paylaşım saytı olan \"facebook\"dur. Araşdırmalar sübut edib ki, şəxsi şəkillərin və fotoların \"facebook\" üzərindən yayımlanması ailə münaqişələrinə və boşanmalara səbəb olur. \"Facebook\" səbəbindən yaranan problemlər isə insanların keçmiş sevgililəri ilə yenidən əlaqələr qurması və yeni tanışlıq əlaqələri göstərilir. Qeyd edək ki, bu siyahıda təkcə \"facebook\" deyil, digər sosial şəbəkələrin də adları hallanır. Sosial şəbəkələrin təsiri artıq Azərbaycanda da təsirini göstərməkdədir. Artıq internetin təsiri altına düşən onlarla ailə var ki, daxili problemlərlə üzləşib. Çünki tanışlıq saytlarına girənlər arasında evli insanların da sayı kifayət qədərdir. Real həyatda hissləri təmin olunmayanlar öz fantaziyalarını virtual dünyada reallaşdırır. Virtual həyata aludə olanlar isə reallıqdan ayrıldıqları üçün ailə, oradakı problemlər unudulur. Bu problemlə bağlı artıq sosioloqlar həyəcan təbili çalır. Onlar hesab edirlər ki, dünyanı bürüyən virtual xəyanətlərə son qoyulmazsa ailə məfhumu tamamilə ləğv ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə