Rövşən Ağayev: "Kadrları saxlamaq və inkişaf etdirmək üçün bələ­diy­yələrin zəruri maliyyəsi olmadığından bu sektorda kadr çatışmazlığı mövcuddur"


Hafiz Əliyev: "Bələdiyyələrlə İş Mərkəzi Strategiyada üzərinə düşən vəzifəni yerinə yetirib"


Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinin təmin edilməsi tələbi qoyulub.

Yerli özünüidarə orqanlarının səmərəli fəaliyyətinin başlıca şərtlərindən biri onların kadr potensialıdır. Yerli əhəmiyyətli məsələlər üzrə effektiv və çevik qərarların qəbulu və onların keyfiyyətli icrası bələdiyyə kadrlarının peşə hazırlığının səviyyəsindən çox asılıdır. Hazırda Azər­bay­ca­nın bə­lə­diy­yə sis­te­min­də 15 min­dən ar­tıq seç­ki­li üzv və bun­dan bir qə­dər çox bələdiyyə qulluqçusu çalışır.

Araşdırmalar göstərir ki, bələdiyyələrin mövcud kadr potensialı yerli özünüidarə­nin səmərəli təşkilini təmin etmək iqtidarında deyil . Bu, ilk növbədə bələdiyyə seçki­lərinin tam azad və ədalətli keçirilməməsindən irəli gəlirsə, digər tərəfdən qanunveri­cilikdən qaynaqlanır. Çünki "Bələdiyyə qulluğu haqqında" qanun bələdiyyə qulluğuna qəbul üçün konkret vəzifələr üzrə peşə-ixtisas tələbləri müəyyənləşdirmir və işə qəbul üçün müsabiqə şərtlərini nəzərdə tutmur.

Əvəzində işə qəbula fərqli yanaşma təklif edilir. Qanunun beşinci maddəsində göstərilir ki, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərləri bələdiyyə qərarı ilə sədr tərəfindən, digər işçilər isə birbaşa sədr tərəfindən təyin olunur.

Beləliklə, qanun bələdiyyə icra orqanlarının peşəkar kadrlar hesabına formalaşmasına hüquqi zəmin yaratmır və belə meyarsızlıq nəticəsində qeyri-peşəkar, təsadüfi fərdlərin qulluğa qəbulu hüquqi cəhətdən asanlaşır.

"Ölkədə bələdiyyə qulluğunun cəlbediciliyi çox aşağı səviyyə­də­dir"

Bələdiyyələr üzrə ekspert Rövşən Ağayev deyir ki, birləşmə prosesinin aparılmasına baxmayaraq bələdiyyələrin ölçülərinin bir çox hal­larda hələ də kiçik olması və maliyyə imkanlarının zəifliyi də kadr potensialının inki­şa­fı­na mane olan amillərdəndir: "Bu amillərin nəticəsi olaraq yerli özünüidarəetmə orqan­la­rında komissiyalar tam formalaşmır. Kadrları saxlamaq və inkişaf etdirmək üçün bələ­diy­yələrin zəruri maliyyəsi olmadığından bu sektorda kadr çatışmazlığı mövcuddur. Bü­tün bunların nəticəsi olaraq ölkədə bələdiyyə qulluğunun cəlbediciliyi çox aşağı səviyyə­də­dir".

Onun qənatinə görə, bələdiyyələrin kadr potensialının zəif olmasını şərtləndirən digər bir amil bələdiyyə kadrlarının hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması sisteminin olmamasıdır: "Doğrudur, ötən dövr ər­zin­də bələdiyyə kadrlarının hazırlığı, yenidən hazırlığı və ixtisas­la­rının artırılması istiqamətində mü­əy­yən iş­lər gö­rülüb. Lakin bu işlər bələdiyyə idarəet­məsinin təkmilləşdirilməsinə yönəlik əhəmiyyətli addımlar kimi qiymətləndirilə bilməz.

Azərbaycanda yerli özünüidarə kadrlarının hazırlanması Dövlət İdarəçilik Akademiyası, Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Qafqaz Universiteti, Azərbaycan Beynəlxalq Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetində həyata keçirilir. 2009- cu ildə bu ali məktəb­lər­də "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasına qəbul planı 150 nəfərə yaxın olub. 2010-cu ildə bu göstərici üzrə əhəmiyyətli dəyişiklik baş verməyib.

Uyğun tədris proqramlarının və planlarının işlənib hazırlanmaması, tədrisdə yeni təlim metodlarından və texnologiya­larından yetərincə istifadə edilməməsi bələdiyyə orqanları üçün kadr hazırlığı sisteminin olma­masından irəli gəlir. Bələdiyyələrin kadr ehtiyacları (ümumilikdə bələdiyyə qullu­ğunda 15 mindən çox işçi çalışır) nöqteyi-nəzərdən kadr hazırlığının miqyası olduqca məhduddur. Xüsusilə də Azərbaycanda peşə yönümü sistemi inkişaf etmədiyindən orta məktəbin yuxarı sinif şagirdlərinin bələdiyyə ixtisaslarına yönləndirilməsi problem olaraq qalır".

Ağayev deyir ki, bələdiyyə kadrlarının yenidən hazırlığı və ixtisaslarının artırılması sahəsində də sistemsizlik mövcuddur: "Bu sistemsizliyin əsasını "Bələdiyyə qulluğu haqqında" qanun qoyub. Belə ki, qanunun 6-cı maddəsinə görə ixtisas dərəcəsini və peşə hazırlığını artırmaq bələdiyyə qulluqçusunun hüququdur.

Təcrübə isə göstərir ki, bələdiyyə qulluqçuları bu hüquqlarını gerçəkləşdirməkdə o qədər də maraqlı deyillər. Çünki qanun bələdiyyə qulluqçularının təsnifatını aparmır və konkret vəzifələr üzrə ixtisas tələbləri müəyyənləşdirmir. Bu isə bələdiyyənin icra aparatının rəhbərinə aparat daxilində öz şəxsi mülahizələrinə əsasən istənilən yerdəyişmələri etmək imkanı verir.

Hər il Dövlət İdarəçilik Akademiyası, Ədliyyə Akademiyası kimi təsisatlar bələdiyyə kadrları üçün qısamüddətli kurslar təşkil edirlər. Lakin bu cür kurslar üçün təlim ehtiyaclarının (tədris olunan mövzuların) hansı prinsiplər və məlumatlar əsasında müəyyənləşdirildiyi aydın deyil. Digər tərəfdən, kurs dinləyicilərinin sayı da bələdiyyə kadrlarının ümumi sayına münasibətdə xeyli azdır".

Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı 2010-cu il üzrə illik məruzəsində deyilir ki, Ədliyyə Akademiyasında əsasən yeni seçilmiş bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün il ərzində təşkil edilmiş 17 ixtisasartırma kursunda 327 dinləyiciyə aktual mövzular üzrə mühazirələr oxunub.

Bundan başqa, Dövlət İdarəçilik Akademiyasında da ixtisasartırma kusrları təşkil edilib. Bütövlük­də, ixtasartırma kurslarına 381 dinləyici cəlb olub ki, bu da 2009-cu ildəkindən 24 faiz çoxdu. Rəsmi məlumatdan da görünür ki, bələdiyyə kadrlarının ixtisaslarının artırılması və yenidən hazırlığı sahəsində daha məqsədyönlü fəaliyyətə ehtiyac var.

"Bələdiyyə kadrlarının yenidən hazırlığı və ixtisaslarının artırılması sahəsində vahid dövlət siyasətinin olmaması ona gətirib çıxarır ki, ayrı-ayrı qurumlar tərəfindən təşkil edilən qısamüddətli kurslardan bələdiyyə kadrlarının yalnız cüzi hissəsi faydalana bilir. Müxtəlif təşkilatlar tərəfindən təşkil edilən təlim kurslarının əhatə etdiyi proqramların akkreditasiyasının olmaması isə bəzi hallarda verilən təlimlərin keyfiyyətinin aşağı olmasına gətirib çıxarır.

Bələdiyyələrin səlahiyyət və maliyyə problemləri həll olunsa da kadr potensialının zəifliyi son nəticədə əhalinin keyfiyyətli ictimai xidmətlər almaq imkanlarını aşağı sala bilər. Ona gorə də bələdiyyələri kadr potensialının gücləndirilməsi istiqamətində indidən zəruri addımların atılması qaçılmazdır",- deyə Ağayev bildirdi.

Ekspert deyir ki, bu baxımdan "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda müəyyən tədbirlərin nəzərdə tutulması müsbət qiymətləndirilməlidir. Proqramda göstərilir ki, bələdiyyələrin potensialının inkişaf etdirilməsi məqsədilə bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının bacarıqlarının inkişaf etdirilməsi üçün təlimlər təşkil olunacaq, bu sahədə ölkə daxilində və beynəlxalq səviyyədə təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də dövlət təhsil sistemində bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması dəstəklənəcəkdir.

Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin baş məsləhətçisi, ədliyyə müşaviri Hafiz Əliyev bildirir ki, bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi istiqamətində tövsiyyələr hazırlanıb bütün bələdiyylərə göndərilib. Ancaq, o da etiraf edir ki, bu gün bələdiyyələrdə sözügedən tələbi yerinə yetirmək üçün, potensial yoxdur: "Bu gün bələdiyyələrin maliyyə durumu çətin olduğu üçün, bələdiyyədə qulluğu güclü axın da yoxdur. Gələcək üçün, tövsiyyələr hazırlayıb göndərmişik ki, qulluğa qəbul müsabiqə əsasında keçirilsin. Hər bir insan işlə təmin oluananda, istəyir ki, onun maddi, sosial təminatı olsun. Eyni zamanda normal iş şəraiti olsun".

Əliyev bildirir ki, Bələdiyyələrlə İş Mərkəzi Strategiyada üzərinə düşən vəzifəni yerinə yetirib: "Bizim işimiz istiqmətləri göstərmək və qanunvercliyi təkmilləşdirməkdir. Ancaq, o hansı formada həyata keçirilməsinə nəzarət etmək funksiyamız yoxdur. Məsələn, Masallı rayonun Ərkivan bələdiyyəsinə vergi əməkdaçı lazımdır. Biz onu izləyə bilmirik ki, ora 2, ya da 3 nəfər namizəd olub, yaxud axtarıb tapıblar".


Elçin Bayramlı


Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzinin tərəfindən həyata keçirilən "Korrupsiyasız Azərbaycan; regionlarda maarifləndirmə və məlumatlandırma kampaniyası" qrant layihəsi çərçivəsində çap edilir

Bütün xəbərlər Facebook səhifəmizdə