Elşad İskəndərov: “Qurultayın keçirilməsi diasporlar arasındakı koordinasiyanın möhkəmləndirilməsinə xidmət edir”

"Dünya azərbaycanlılarının III qurultayının keçirilməsi onun təşkilatlanma prosesinin mütəmadi hal olmasının və təşkilatlanma prosesinin sistemli şəkildə aparılmasının sübutudur". Bu barədə SƏS TV-yə İslam Konfransı Gənclər Forumunun (İKGF) baş katibi Elşad İskəndərov açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə bir qurultayın keçirilməsi diaspor arasındakı koordinasiyanın möhkəmləndirilməsinə, eyni zamanda diasporun vətənlə əlaqələrinin möhkəmlənməsinə xidmət edir: "Qarşıda görüləsi işlər çoxdur. İslam Konfransı Gənclər Forumu olaraq biz eyni zamanda da diasporumuzun çox fəal iştirak etdiyi Xocalıya Ədalət kampaniyasını keçiririk. Qarşıda duran əsas məsələlərdən biri diasporun yaşadığı ölkələrin ictimaiyyəti, mediası və digər qurumları ilə əlaqələrin daha yüksək səviyyədə qurulmasıdır. Bu onların həm yaşadıqları ölkədə problemlərinin həll olunmasına, həm də onların daha güclü bir icma olmalarına xidmət edəcək. Bununla yanaşı, Azərbaycanın sözünün dünyaya daha effektiv çatdırılmasına şərait yaradacaq".

Diaspor özü özlüyündə fəaliyyət göstərən orqanizm deyil deyən E. İskəndərov: "Qurum Azərbaycanda gedən proseslərlə, ölkədə, cəmiyyətdə olan proseslərlə sıx bağlıdır. Diaspor bugünkü Azərbaycan cəmiyyətinin inkişafına, eyni zamanda da milli kimliyimizin inkişafına, möhkəmlənməsinə xidmət edir. Ona görə də bu bağlantı Azərbaycanda elm, mədəniyyət, təhsil sahələrində aparılan işlərin diaspora çatdırılması olduqca vacib məsələdir",- deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...