"Uzun illər ərzində cəmiyyətimiz daha çox kişi yönümlü olub. Kişilərin qadınlara qarşı zorakılığı, təzyiqi, zorakı davranışları, bullinq və qısnama halları, eləcə də ailədaxili münaqişələr zamanı problemlərin dialoqla deyil, fiziki güclə həll edilməyə çalışılması ciddi sosial problemlərə səbəb olub".
Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
_(1).jpg)
Onun sözlərinə görə, statistik məlumatları qiymətləndirərkən əhalinin sayındakı artımı və informasiya imkanlarının genişlənməsini də nəzərə almaq lazımdır:
"Təxminən 50 il əvvəl Azərbaycan əhalisi 5 milyona yaxın olduğu halda, hazırda əhalinin sayı 10 milyonu ötüb. Bu baxımdan müxtəlif hadisələrin sayındakı artımı yalnız zorakılığın çoxalması kimi qiymətləndirmək düzgün olmaz. Əhalinin artması, məlumatların daha sürətlə yayılması və hadisələrin ictimailəşməsi də statistik göstəricilərə təsir edir.
Əvvəllər internet, sosial şəbəkələr, mobil telefonlar, messencerlər və digər müasir kommunikasiya vasitələri mövcud deyildi. Bu səbəbdən bir çox ailədaxili münaqişə və zorakılıq halları ya qeydə alınmır, ya da geniş ictimaiyyətə çatmırdı. Hazırda isə insanların əlində foto və video çəkməyə, səs yazmağa imkan verən smartfonlar var. Baş verən hadisələr dərhal qeydə alınır, sosial şəbəkələrdə paylaşılır və ictimaiyyətin, eləcə də aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılır.
Son illərdə qadınların kişilərə qarşı zorakılığı ilə bağlı halların da daha çox müzakirə olunduğunu görürük. Burada zorakılıq anlayışına yalnız fiziki təzyiq kimi yanaşmaq düzgün deyil. Zorakılığın fiziki, psixoloji, mənəvi, emosional, iqtisadi və seksual formaları mövcuddur.
Məsələn, bir şəxsin davamlı şəkildə alçaldılması, təhqir olunması, yaxınları qarşısında nüfuzdan salınması və ya sosial şəbəkələrdə hədəfə çevrilməsi psixoloji zorakılıq kimi qiymətləndirilə bilər. Fiziki xəsarət yetirilməsi isə zorakılığın ən ağır formalarından biridir və konkret hallardan asılı olaraq hüquqi məsuliyyət yarada bilər.
Müşahidə olunan problemlərdən biri də kişilərin zorakılığa məruz qaldıqda bəzən kifayət qədər ciddi qəbul edilməməsidir. Cəmiyyətdə "kişidir, özünü müdafiə etməlidir" kimi stereotiplər mövcuddur. Bu yanaşma kişinin zorakılığa məruz qalmasını adi və ya əhəmiyyətsiz hadisə kimi təqdim etməməlidir.
Zorakılığın qurbanı olan şəxsin cinsindən asılı olmayaraq, hər bir müraciət ciddi araşdırılmalı və hüquqi qiymət almalıdır. Kişinin zorakılığa məruz qalması onun zəifliyi və ya özünü müdafiə edə bilməməsi kimi təqdim edilməməlidir. Eyni zamanda, zorakılığa məruz qalan kişinin ictimai şəkildə lağa qoyulması və ya bullinqə məruz qalması onun psixoloji vəziyyətini daha da ağırlaşdıra bilər.
Azərbaycan cəmiyyətində qadına, anaya, bacıya, qıza və ailə institutuna hər zaman xüsusi hörmət bəslənilib. Bu dəyərlərin qorunması vacibdir. Lakin qadına hörmət etmək kişilərin hüquqlarının və problemlərinin diqqətdən kənarda qalması anlamına gəlməməlidir. Hüquqlar və məsuliyyətlər hər iki cins üçün bərabər şəkildə tətbiq olunmalıdır.
Son illərdə təhsil, səhiyyə, mədəniyyət, media və bir sıra digər sahələrdə qadınların fəallığı artıb. Bu, qadınların təhsil və əmək bazarında daha geniş iştirak etməsi baxımından müsbət haldır. Bununla yanaşı, kişilərin sosial, psixoloji və iqtisadi problemləri də diqqətdə saxlanılmalıdır.
Bəzi gənc kişilər əmək bazarında, sosial münasibətlərdə və ailə həyatında müxtəlif çətinliklərlə qarşılaşırlar. Bu problemlərin aradan qaldırılması üçün onların psixoloji dəstəyə, hüquqi maarifləndirməyə və sosial müdafiə mexanizmlərinə çıxış imkanları genişləndirilməlidir.
Qadınların hüquqlarını müdafiə edən təşkilatların və dəstək mexanizmlərinin fəaliyyəti olduqca vacibdir. Eyni zamanda, kişilərin də zorakılıq, psixoloji təzyiq və digər sosial problemlərlə bağlı müraciət edə biləcəyi dəstək mərkəzlərinin və ictimai mexanizmlərin inkişaf etdirilməsinə ehtiyac var.
Kişilərin hüquqlarından danışmaq qadınların hüquqlarına qarşı çıxmaq demək deyil. Bu məsələyə qarşıdurma prizmasından deyil, insan hüquqları və bərabərlik prinsipi əsasında yanaşmaq lazımdır. Məqsəd qadın və kişi arasında rəqabət yaratmaq deyil, hər iki tərəfin hüquqlarının qorunmasını təmin etməkdir.
Azərbaycanın qanunvericiliyində qadın və kişilərin bərabərliyi, ayrı-seçkiliyin yolverilməzliyi və insan hüquqlarının qorunması ilə bağlı mühüm müddəalar mövcuddur. Dövlət tərəfindən bu istiqamətdə müxtəlif qanunlar və hüquqi mexanizmlər yaradılıb. Lakin əsas məsələ həmin hüquqi normaların cəmiyyətdə daha səmərəli tətbiq olunması və praktiki mexanizmlərin gücləndirilməsidir.
Həm qadınların, həm də kişilərin zorakılıqdan qorunması üçün maarifləndirmə işi genişləndirilməli, müraciət mexanizmləri əlçatan olmalı və hər bir zorakılıq faktına obyektiv yanaşılmalıdır. Zorakılığa qarşı mübarizə yalnız bir cinsin problemi kimi deyil, bütövlükdə cəmiyyətin təhlükəsizliyi və sağlam inkişafı məsələsi kimi qiymətləndirilməlidir.
Əsas məqsəd sağlam ailə münasibətlərinin, qarşılıqlı hörmətin, bərabərliyin və sosial məsuliyyətin gücləndirilməsidir. Qadın və kişi bir-birinin rəqibi deyil, cəmiyyətin və ailənin inkişafında bərabər hüquq və məsuliyyət daşıyan tərəflərdir.
Bu baxımdan həm qadınların, həm də kişilərin hüquqlarının qorunması, zorakılığın bütün formalarına qarşı bərabər və prinsipial mübarizə aparılması sağlam və dayanıqlı cəmiyyətin formalaşması üçün vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB