“PeşəFest”in növbəti ünvanı Qəbələ olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest” bu dəfə Qəbələ rayonunda keçirilib. “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyıb.

SİA xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mərasimdə çıxış edənlər “PeşəFest”in gənclərin əmək bazarına hazırlığı və düzgün peşə seçiminin dəstəklənməsi, onların öz potensiallarını kəşf etmək və gələcək peşə istiqamətlərini müəyyənləşdirmək üçün unikal platforma olduğunu bildiriblər.

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələrini bölüşüblər, yeniyetmələrin və onların valideynlərinin suallarını cavablandırıblar.

Festivalın təşkil ediləcəyi növbəti ünvan Xaçmaz olacaq. “PeşəFest-2025”ə oktyabrın 22-də “Baku Crystal Hall”da keçiriləcək tədbirlə yekun vurulacaq.

Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.

İştirakçılar festivala qatılmaqla həmin peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə