Oktyabrın 3-də “Gələcəyin Gənc Mühasibləri” Forumu keçirilib. SİA xəbər verir ki, tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) və Gənc Mühasiblər İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.
Forumun əsas məqsədi gənclərə mühasibatlıq sahəsindəki karyera imkanlarını tanıtmaq, onların peşəkar inkişafına dəstək göstərmək və bu sahədə şəbəkələşməni təşviq etmək olub.
100-ə yaxın gəncin iştirak etdiyi tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun Daxili Nəzarət və Monitorinq Şöbəsinin müdiri Pərviz Mirələmli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri İsmayıl Süleymanov, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Radil Fətullayev çıxış ediblər. Çıxışlarda mühasibatlığın gənclərin karyera inkişafında rolu, əmək bazarının tələbləri və bu sahədə yeni imkanlar vurğulanıb.
Forum çərçivəsində “Mühasibatlıq sahəsində karyera imkanları və çağırışlar” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə “PSC Group” MMC Konsaltinq şirkətinin direktoru Məhəmməd Balakişiyev, “İATM Traininq” MMC-nin direktoru, Xəzər Universitetinin müəllimi Aqil Səfərov, İATM-ın Karyera Mərkəzinin rəhbəri Nail Mikayılov spiker qismində çıxış ediblər.
Spikerlər mühasibatlıq peşəsinin üstünlükləri, gənclərin bu sahədə inkişaf perspektivləri və əmək bazarında tələb olunan əsas bacarıqlar barədə öz təcrübələrini bölüşüblər.
Panel müzakirəsindən sonra keçirilən sual-cavab sessiyasında iştirakçılar spikerlərə öz suallarını ünvanlayaraq, onları maraqlandıran məsələlərlə bağlı ətraflı cavab alıblar.
Tədbirin davamında Bakı və regionları əhatə edən “Hazır Mühasib” layihəsinin məzunlarının təltif olunması mərasimi keçirilib. Artıq beşinci dəfə reallaşdırılan layihə çərçivəsində 53 nəfər uğurla proqramı başa vurub.
Tədbir Bakı və region gənclərinin mühasibatlıq sahəsində biliklərini artırmasına, yeni bacarıqlar qazanmasına və peşəkar mühitdə şəbəkələşməsinə geniş imkan yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə