“Böyük Qayıdış Azərbaycanın gələcək onilliklərinin əsas inkişaf xəttidir” - EKSPERT ŞƏRH ETDİ

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə köçürülmə prosesi və "Böyük Qayıdış" proqramı ölkənin müasir tarixində ən mühüm hadisələrdən biridir. Bu, sadəcə məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması deyil, həm də Azərbaycanın milli kimliyinin, dövlətçiliyinin və ərazi bütövlüyünün praktiki olaraq möhkəmləndirilməsidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirilən bərpa və quruculuq işləri genişmiqyaslı xarakter daşıyır. Dövlət bu prosesə təkcə sosial layihə kimi yox, həm də strateji məsələ kimi yanaşır. Çünki bölgənin tam bərpası həm ölkə iqtisadiyyatına, həm də regional təhlükəsizliyə mühüm təsir göstərir: "Əhalinin öz torpaqlarına köçürülməsi demoqrafik tarazlığın bərpasına, bölgədə həyatın yenidən canlanmasına, eyni zamanda Ermənistanla sərhəd boyunca təhlükəsizlik zolağının möhkəmlənməsinə gətirib çıxarır. “Böyük Qayıdış” proqramı, əslində, Azərbaycanın gücünü nümayiş etdirən bir prosesdir. İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun sıfırdan qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi, yeni yol, dəmir yolu, hava limanlarının istifadəyə verilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının göstəricisidir. Bu həm də dünyaya mesajdır ki, Azərbaycan torpaqlarını azad etməklə kifayətlənmədi, onları yenidən quraraq yaşayış üçün ən müasir məkana çevirməyi qarşısına məqsəd qoydu. Burada vacib məqamlardan biri də sosial aspektdir. On illərlə didərgin həyat yaşayan vətəndaşların öz yurdlarına qayıtması həm onların həyatında yeni mərhələdir, həm də milli birlik və həmrəyliyin güclənməsidir. Bu qayıdış prosesi tədricən bütün bölgəni əhatə edəcək və yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur tamamilə yaşayışa açıq olacaq. Ümumilikdə, köçürülmə və “Böyük Qayıdış” Azərbaycanın gələcək onilliklərinin əsas inkişaf xəttidir. Bu proses yalnız humanitar məsələ kimi yox, həm də milli təhlükəsizlik, iqtisadi inkişaf və regional liderlik baxımından strateji əhəmiyyət kəsb edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə