Ədəbiyyat Türk dünyasının ortaq nəfəsidir

Yaxud ümumtürk ədəbiyyatı ortaq yaddaşımızı formalaşadırmaqla bizi ortaq gələcəyə aparır

İkinci məqalə

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir. Layihənin məqsədi Türk dünyasında bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 12 məqalənin hazırlanması nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edəcək həmin 12 məqalənin ikincisi oxuculara təqdim edilir.

Beləliklə, sadalananlar fonunda qeyd edə bilərik ki, ümumtürk ədəbiyyatı, türk xalqlarının ortaq mədəni irsini əks etdirən zəngin bir xəzinədir. Bu ədəbiyyat, müxtəlif dövrlərdə yaranmış əsərləri ilə türk xalqlarının tarixini, mədəniyyətini və dünyagörüşünü əks etdirir.

Əkbər Qoşalı: Ədəbiyyat – bir xalqın ruhunun aynası, tarixinin səsi, gələcəyinin bələdçisidir

“Ədəbiyyat – bir xalqın ruhunun aynası, tarixinin səsi, gələcəyinin bələdçisidir” deyən Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri başqanı Əkbər Qoşalının sözlərinə görə əgər Türk dünyasını bir vücud kimi düşünsək, onun ürəyi məhz ümumtürk ədəbiyyatıdır: “Bu ədəbiyyat coğrafi sərhədlərdən, siyasi rejimlərdən və zamanın ayrı saldığı talelərdən daha güclüdür!.. O, ilk türkün Yer üzündə addım atdığı gündən başlayır, Dədə Qorqudun ulu nəfəsi ilə yeni zirvə qazanır, Nizami Gəncəvi, Nəsimi və Füzulinin fəlsəfi lirikasında bədii kamala çatır, Əlişir Nəvainin poetik hikməti ilə davam edir, XX yüzildə Hüseyn Cavid, Çolpan, Xalid Səid Xocayev, Abdulla Qədiri, Maqsud Şeyxzadə və başqa irfan simalarının qələmlərində ideoloji parçalanmaya qarşı müqavimətə çevrilir”.

Vurğulandı ki, bugün – XXI yüzildə bu ədəbi birlik artıq yalnız tarixi bağlarla yox, həm də mədəni strategiyalarla, dövlət siyasətləri ilə və texnoloji imkanlarla daha da möhkəmlənməkdədir: “Bu baxımdan Azərbaycan, Özbəkistanın (ümumən Türküstandakı qardaş ölkələrin) çağdaş ədəbi strategiyaları həm ortaq köklərə, həm də gələcəyə yönəlmiş çağırışlara cavab verməkdədir”.

Azərbaycan ədəbiyyatı: Klassik yaddaşın çağdaş ritorikası

Sözlərinə davam edən Ə.Qoşalı qeyd etdi ki, Azərbaycan ədəbiyyatı türksoylu ədəbi sistemin əzəmətli sütunlarından biridir: “Örnəyi, Nizami Gəncəvi və Xaqani Şirvani ilə başlayan klassik poeziya sonralar Nəsimi, Füzuli, Vidadi, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı və b. kimi ustadlarla zənginləşib. Sovet dönəmi zamanı ədəbiyyat milli düşüncənin yeganə tribunası olaraq qalaraq Cəfər Cabbarlıdan Mirzə İbrahimova, İsa Muğannayadək, Bəxtiyar Vahabzadədən Anara qədər davam edən xətt üzrə ictimai vicdanın səsinə çevrilib”.
Müsahibimiz bu qənaətdədir ki, son illərdə Azərbaycan ədəbiyyatında müşahidə olunan əsas tendensiyalar aşağıdakılardır: “Bunlardan biri milli-mənəvi dirçəliş. Yəni, Qarabağ Zəfərindən sonra ədəbiyyat yeni bir mərhələyə qədəm qoydu. Bu mərhələdə yazıçılar və şairlər qələbə ruhunu yalnız tərənnüm etmir, həm də milli identitetin dərin qatlarını fəlsəfi və simvolik dillə ifadə edir. Digər tendensiya yeni poetik nəsillə bağlıdır. Qısa desək, Rüstəm Behrudi, Vaqif Bayatlı kimi ədəbi səsi olan imzalara paralel olaraq yeni nəslin təmsilçiləri – gənc şairlər və nəsr müəllifləri çağdaş estetiklə gələnək arasında körpü salır. Daha bir məqam isə ədəbi rəqəmsallaşma ilə bağldıır ki, burada da elektron ədəbiyyat, interaktiv şeirlər, virtual ədəbi jurnallar ilə milli ədəbiyyat qlobal mediada öz yerini genişləndirir”.

Ə.Qoşalının qənaətinə görə, eyni zamanda, Azərbaycan ədəbiyyatında Nizami, Nəsimi və Füzuli irsinin ümumtürk müstəvisində təbliği üçün keçirilən beynəlxalq simpoziumlar, tərcümə layihələri və ortaq dərsliklər vahid ədəbi sistemin yaradılmasına zəmin yaradır”.

Özbək ədəbiyyatı həm klassik Şərq ədəbiyyatının, həm də türk poetik dünyagörüşünün mərkəzi dayaqlarındır

Deyilənlərlə bağlı Özbəkistandan yanaşmaya gəlincə, digər həmsöhbətimiz Özbəkistanın tanınmş yazıçısı, tərcüməçi, çoxsaylı ssenarilərin müəllifi, Özbəkistanın “Şöhrət” medalı laureatı Xasiyyət Rüstən aşağıdakıları qeyd etdi: “Özbək ədəbiyyatı həm klassik Şərq ədəbiyyatının, həm də türk poetik dünyagörüşünün mərkəzi dayaqlarındandır. Alişir Nəvainin “Xəmsə”si bu baxımdan yalnız ədəbi fenomen deyil, həm də ortaq dilin və düşüncənin poetik konstitusiyasıdır. XX əsrdə cədidlər – Behbudiy, Qadiri, Fitrat – milli oyanışın ədəbi manifestlərini yaratmışlar”.

Xasiyyət xanım qeyd etdi ki, hazırda Özbək ədəbiyyatında müşahidə edilən əsas özəlliklər aşağıdakılardır: “Milli təmirkarlıq (renessans). Burada, Cədid irsi yenidən interpretasiya olunur. Bugünkü yazıçılar – Jamol Kamol, Hamid Ismailov, Muhiddin Xoliqov kimi imzalar post-sovet travmalarını və qloballaşan cəmiyyətin dilemmasını bədii dilə çevirirlər. Başqa bir məqam ədəbi dövlət strategiyası ilə bağlıdır. Burada qeyd etmək vacibdir ki, Prezident Mirziyoyevin təşəbbüsü ilə ədəbiyyat yenidən mədəni prioritetlər sırasına daxil edilib. Nəvai adına yeni institutların yaradılması, beynəlxalq ədəbiyyat günlərinin təşkili və yazıçılara dövlət mükafatlarının verilməsi bu siyasətin nümunəsidir. Bütün bunlar Özbək ədəbiyyatını yalnız daxili konsolidasiya ilə deyil, həm də ümumtürk ədəbi sisteminə fəal inteqrasiya ilə səciyyələndirir”.

Xasiyyət Rüstəm: Özbək ədəbiyyatı – yalnız bir xalqın söz sərvəti deyil, ümumtürk mədəni kodunun önəmli daşıyıcısıdır

X.Rüstəmin sözlərinə görə, özbək ədəbiyyatı – yalnız bir xalqın söz sərvəti deyil, Türküstanın, ümumtürk mədəni kodunun önəmli daşıyıcısıdır: “Əlişir Nəvainin yaratdığı poetik məktəb bu xalqın yalnız ədəbi kimliyini deyil, türksoylu sivilizasiyanın mədəni konturlarını da müəyyən edib. Bu gün Özbəkistan ədəbiyyatı, özəlliklə müstəqillikdən sonrakı dönəmdə, yenidən milli ruhun dirçəldiyi, cədid mirasının çağdaş dillə yenidən yazıldığı bir bədii mərhələ yaşayır”.

Yeni nəslin ifadə imkanları genişlənib

O da qeyd edildi ki, müstəqillik qazandıqdan sonra Özbəkistanda ədəbiyyat ideoloji nəzarətdən azad olaraq yeni nəfəs aldı: “Təkcə rəsmi nəşrlərdə deyil, həm də müstəqil platformlarda – internet portallarında, sosial şəbəkələrdə ədəbi yaradıcılığın sürətlə genişləndiyi müşahidə olunur. Yeni nəslin ifadə imkanları genişlənib, poeziya və nəsrdə fərdi təcrübəyə əsaslanan, dünyəvi və universal mövzulara açılan əsərlər artıb. Həmçinin, ədəbi institutlaşma güclənib, Nəvai adına Dövlət Universiteti, Özbəkistan Yazıçılar Birliyinə yaradılan əlverişli iş ortamı və Prezidentin təşəbbüsü ilə yaradılan ədəbi ödüllər, habelə “Türk ədəbiyyatının inciləri” 100 cildliyinin nəşri və s. yazıçı və şairlərə həm maddi, həm də mənəvi dayaq olub”.

Bunu da qeyd etmək vacibdir ki, Özbəkistanda ədəbi festivallar və uluslararası tədbirlər davamlı olaraq keçirilir. Örnəyi, “Nəvai – Türk dünyasının dahisi” adlı simpoziumlar, digər türk ölkələri ilə ədəbi işbirlikləri – bu baxışın ortaq mədəniyyətə inteqrasiyasını təmin edir.

X.Rüstəm əlavə etdi ki, Cədid mirasının çağdaş yozumuna nəzər salsaq birməanlı olaraq deyə bilərik ki, Behbudiy, Fitrat, Qədiri kimi maarifçi yazıçıların irsi postkolonial baxışla yenidən oxunur: “Bu, həm öz keçmişi ilə üzləşmək, həm də gələcək üçün intellektual baza yaratmaq anlamı daşıyır. Eyni zamanda, ədəbi dil canlı xalq danışığı ilə klassik üslub arasında ahəng axtarır. Bu, həm poetik ritmdə, həm də nəsr strukturunda hiss olunur. Bunlarla yanaşı, tematik şaxələnmə də diqqətdən qaçmamalıdır. Çünki əsərlərdə həm milli tarixin yenidən yazımı, həm də çağdaş sosial problemlərin (miqrasiya, qadın hüquqları, şəhər-mədəniyyət qarşıdurması və s.) bədii ifadəsi yer alır. Son olaraq onu da bildirək ki, çağdaş özbək ədəbiyyatı türk dillərinə, rus, ingilis, fransız dillərinə çevrilir. Bu, ədəbiyyatın uluslararası tanınmasında önəmli mərhələdir”.
(Ardı var)

Cavid Şahverdiyev
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə