Fəal gənc könüllülər maarifləndirmə işinə cəlb olunublar

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Polis İdarəsinin birgə təşkilatçılığı ilə piyadalar arasında yol hərəkəti qaydaları barədə məlumatlılığı artırmaq məqsədi ilə həyata keçirilən profilaktik tədbirlər davam etdirilir.Təbliğatın gücləndirilməsi məqsədi ilə Sumqayıt şəhəri üzrə fəal gənc könüllülər də maarifləndirmə işinə cəlb olunublar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İlkin mərhələdə tədbirlər maarifləndirici xarakter daşıyacaq və piyadalara yol hərəkəti qaydaları izah ediləcək. Növbəti mərhələdə isə qayda pozuntularına yol verən şəxslər barəsində inzibati tədbirlərin görülməsi planlaşdırılır. Sumqayıt şəhərində insanların intensiv hərəkət etdiyi küçə və prospektlərdə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədi ilə təbliğat-təşviqat prosesinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

“Bir daha vətəndaşlara müraciət edərək, onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon və qulaqlıqdan istifadə etməkdən çəkinməyi, ictimai nəqliyyata minib-düşərkən, eləcə də digər hallarda qəflətən avtomobil yoluna çıxmamağı xahiş edirik”, - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə